PAYLAŞIN:

“Suverenliyin işığında Azərbaycan incəsənəti” – Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib.
“20 sentyabr – Dövlət Suverenliyi Günü” münasibətilə “İncəsənətin Tərəqqisinə Dəstək” İctimai Birliyi və “Zirvə Gənclər Platforması”nın birgə təşkilatçılığı ilə “Suverenliyin işığında Azərbaycan incəsənəti” adlı tədbir keçirilib.
Paraqraf.com xəbər verir ki, Milli QHT Forumunun Akt zalında keçirilən tədbir dövlət suverenliyinə həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb.
Daha sonra Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin açılışında “İncəsənətin Tərəqqisinə Dəstək” İctimai Birliyinin sədri Turanə Orucova çıxış edib. O, Dövlət Suverenliyi Gününün Azərbaycan dövlətçiliyi baxımından əhəmiyyətindən danışaraq suverenliyin dövlətçilik ənənələrinin qorunması, milli birlik və həmrəyliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Turanə Orucova Azərbaycan incəsənətinin milli-mənəvi dəyərlərin, tarixi yaddaşın və milli kimliyin qorunmasında mühüm rol oynadığını qeyd edib.
Çıxış zamanı, həmçinin 18 sentyabr – Milli Musiqi Gününün əhəmiyyətinə toxunulub. Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı müstəsna xidmətləri diqqətə çatdırılıb.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ceyhun Məmmədov çıxış edərək Dövlət Suverenliyi Gününün Azərbaycan dövlətçiliyi üçün əhəmiyyətindən danışıb. O, dövlət suverenliyinin qorunmasının və milli birliyin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Milli Məclisin deputatı Rövşən Muradov çıxışında suveren Azərbaycanın milli-mədəni dəyərlərinin və zəngin mədəni irsinin qorunmasının əhəmiyyətindən bəhs edib. O, gənclərin dövlətçilik və milli dəyərlər ruhunda formalaşmasının, onların ölkənin ictimai-mədəni həyatında fəal iştirakının vacibliyini qeyd edib.
Tədbirin bədii hissəsində “İncəsənətin Tərəqqisinə Dəstək” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Zəfər Yurdu” ansamblının gənc üzvlərinin ifasında Azərbaycan milli musiqi nümunələri təqdim olunub.
Bədii proqram çərçivəsində “Xudayar təsnifi”, “Azərbaycan qızıyam” və digər musiqi nümunələri səsləndirilib.
Gənc ifaçıların təqdim etdiyi musiqi proqramı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Tədbir dövlət suverenliyinin yaratdığı milli qürur və birlik ruhunun, Azərbaycan incəsənətinin və milli-mənəvi dəyərlərin təbliği baxımından əhəmiyyətli mesajlarla yekunlaşıb.

Paraqraf.com

Loading