Türkiyənin paytaxtı Ankarada məktəbli qızın üç il ərzində atasının cinsi istismarına məruz qalması ilə bağlı açılan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Paraqraf.com bildirir ki, Ankara Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən ata və anaya 30 il həbs cəzası verib.
“Hürriyet” qəzetinin yaydığı məlumata görə, Ankaradakı Anadolu liseylərindən birinin 12-ci sinif şagirdi olan qız 29 sentyabr 2025-ci ildə məktəbin psixoloji dəstək xidmətinə müraciət edərək son üç il ərzində atası S.Ö. tərəfindən cinsi istismara məruz qaldığını açıqlayıb.
Məktəbin psixoloqunun hüquq-mühafizə orqanlarına məlumat verməsindən sonra hadisə ilə bağlı araşdırma başlanılıb. İfadəsi alınan zərərçəkmiş atasının ona dəfələrlə “Gündüz mənim qızımsan, gecə isə həyat yoldaşımsan”, “Səni özüm üçün böyüdürəm” dediyini bildirib.
Qız həmçinin atasının ona hamiləlikdən qorunmaq üçün həblər verdiyini söyləyib. O, anası E.Ö.-nün də baş verənlərdən xəbərdar olduğunu və atasına bu cinayəti törətməkdə kömək etdiyini qeyd edib. İfadəsindən sonra qız dövlət himayəsinə götürülüb.
İstintaq çərçivəsində həbs edilən ata S.Ö. ona qarşı irəli sürülən ittihamları rədd edib. Anası E.Ö. isə prokurorluqda və məhkəmə nəzarəti ilə bağlı ilkin ifadələrində qızının söylədiklərini təsdiqləyib. Lakin məhkəmə prosesi zamanı ana ifadəsini dəyişərək əvvəlki açıqlamalarını təzyiq altında verdiyini iddia edib. Ata da məhkəmə qarşısında özünü təqsirli bilməyib.
Ankara Ağır Cinayətlər Məhkəməsi iş üzrə qərarını açıqlayarkən ananın sadəcə cinsi istismara yardım etmədiyini, eyni zamanda cinayətin birbaşa iştirakçısı olduğunu müəyyən edib. Ata S.Ö. və ana E.Ö. yetkinlik yaşına çatmayan şəxsin cinsi istismarı cinayətində təqsirli bilinərək hər biri 30 il müddətinə azadlıqdan məhrum edilib.
Paraqraf.com
![]()

