28 Okt 2026, Ç

Azərbaycançılıq ideologiyası milli kimliyimizin və dövlətçiliyimizin əsas dayaqlarındandır

PAYLAŞIN:

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın beynəlxalq humanitar platforma kimi mövqeyini möhkəmləndirməklə yanaşı, multikulturalizm və sülh ideyalarının təşviqi baxımından da xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev forumun açılışında Azərbaycanın tarixi təcrübəsini, müstəqil inkişaf yolunu və beynəlxalq münasibətlərə yanaşmasını mədəniyyətlərarası dialoq kontekstində təqdim etdi.

Bu gün dünyada mədəniyyətlərarası dialoq beynəlxalq təhlükəsizliyə, siyasi sabitliyə və xalqlar arasında etimadın formalaşmasına birbaşa təsir göstərir. Azərbaycanın ev sahibliyi etdiyi VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da məhz bu baxımdan mühüm platforma kimi çıxış edir.

Forumun 100-dən artıq ölkədən 500-dən çox qonağı, ümumilikdə isə 2000-dən artıq qeydiyyatdan keçmiş iştirakçını bir araya gətirməsi tədbirin beynəlxalq əhatəsini nümayiş etdirir. 2011-ci ildə Azərbaycanın təşəbbüsü ilə əsası qoyulan bu platformanın 15 il ərzində davamlı inkişafı mədəniyyətlərarası münasibətlərin müzakirəsinə olan ehtiyacın və beynəlxalq əməkdaşlığın əhəmiyyətinin göstəricisidir.

Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın coğrafi mövqeyi ilə yanaşı, tarixi və mədəni xüsusiyyətlərinin beynəlxalq dialoq üçün yaratdığı imkanlar idi. Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, dinlərin və ənənələrin qovuşduğu məkan olub. Bu tarixi təcrübə ölkəmizə fərqli mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın və dialoq mühitinin inkişafına töhfə vermək imkanı yaradıb.

Cənab Prezidentin çıxışında səsləndirdiyi “Hamımız milli ideyalar ətrafında birləşirik. Onlardan biri azərbaycançılıqdır” fikri milli kimliyin strateji əhəmiyyətini bir daha ön plana çıxardı.

Azərbaycançılıq ideologiyası müasir Azərbaycan dövlətçiliyinin əsas dayaqlarından, milli həmrəyliyimizi təmin edən mühüm mənəvi-siyasi amillərdən biridir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu bu ideologiya xalqımızın tarixi köklərini, milli-mənəvi dəyərlərini, dövlətçilik ənənələrini və müasir inkişaf hədəflərini vahid məfkurə ətrafında birləşdirir. Dövlət başçımızın da vurğuladığı kimi, Azərbaycan cəmiyyətinin milli ideologiya ətrafında sıx birliyi dövlətimizin güc mənbələrindən biridir.

Prezident İlham Əliyevin çıxışında mədəniyyətlərarası dialoqla beynəlxalq hüquq arasındakı əlaqəyə də xüsusi diqqət yetirildi. Azərbaycanın münaqişənin dinc yolla həlli üçün uzun müddət danışıqlarda iştirak etdiyi, nəticə əldə olunmadıqdan sonra isə özünümüdafiə hüququndan istifadə etdiyi bildirildi. Dövlət başçısı bu barədə deyib: “Biz özümüzü müdafiə etdik. Biz düşməni məğlub etdik. Biz ədaləti bərpa etdik”.

Prezidentin beynəlxalq təşkilatların qərarlarının icra mexanizmləri məsələsini ön plana çəkməsi də təsadüfi deyil. Rəsmi Bakı haqlı olaraq hesab edir ki, beynəlxalq hüquq yalnız prinsiplər və sənədlər səviyyəsində qalmamalı, real nəticələrlə müşayiət olunmalıdır.

Forumun mahiyyəti də göstərir ki, hüquqi və siyasi mübahisələrin davamlı həlli üçün dialoqun qorunması, qarşılıqlı anlaşmanın təşviqi və gələcək münaqişələrin qarşısının alınması eyni dərəcədə əhəmiyyətlidir. Başqa sözlə, dialoq sülhün möhkəmləndirilməsi və qarşılıqlı etimadın artırılması üçün əlavə imkanlar yaradır.

Forumda diqqət çəkən digər mühüm istiqamət Azərbaycanın müharibədən sonrakı mərhələdə sülhün qurulmasına dair yanaşması oldu. Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla sülh təşəbbüsünü irəli sürdüyünü vurğulayaraq müharibənin dayandırılmasının və gələcək qarşıdurmaların qarşısının alınmasının əhəmiyyətinə toxundu.

Dövlət başçımızın “Müharibəyə başlamaq çox asandır, onu bitirmək isə çox çətindir” tezisi münaqişələrə son qoymağın siyasi iradə, diplomatik səylər və uzunmüddətli sülh mexanizmləri tələb etdiyini bir daha təsdiqləyir.

Forumda Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələri, müxtəlif dövlətlərlə strateji tərəfdaşlığı və regional bağlantıların inkişafında iştirakı da diqqət mərkəzində oldu. Çin və ABŞ kimi dünyanın iki aparıcı gücü ilə strateji tərəfdaşlıq sənədlərinin imzalanması, Avropa İttifaqına üzv dövlətlərlə münasibətlər, AQEM-də sədrlik və Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin çoxşaxəli xarici siyasətinin göstəricisidir.

Yeri gəlmişkən, forumda BMT-nin Sivilizasiyalar Alyansı, İslam Əməkdaşlıq Təşkilatı, ICESCO, UNESCO və digər beynəlxalq qurumların nümayəndələrinin çıxışlarında “Bakı Prosesi”nin strateji əhəmiyyəti də xüsusi vurğulandı.

Parçalanan dünyada körpülərin qurulmasının vacibliyinə diqqət çəkən forum iştirakçıları fərqli mədəniyyətlərə, dinlərə və siyasi baxışlara malik cəmiyyətlər arasında anlaşmanın qorunmasının davamlı səylər tələb etdiyini qeyd edirlər. Bu məqsədə nail olmaq üçün isə beynəlxalq əməkdaşlığın genişləndirilməsi və tərəfdaşlıq münasibətlərinin gücləndirilməsi mühüm əhəmiyyət daşıyır.

Nigar Məmmədova
Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Loading