Qızların təhsilinə qoyulan hər bir sərmayə gələcək nəsillərin daha savadlı və hazırlıqlı yetişməsinə xidmət edir.
Paraqraf.com xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondunun direktoru Nicat Məmmədli “Qızların Təhsilinə Dəstək” layihəsinin 5 illiyi və Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin 125-ci ildönümünə həsr olunmuş yubiley tədbirində deyib.
O qeyd edib ki, təhsilli qadınların övladlarının inkişafında mühüm rolu var: “Bu baxımdan layihə çərçivəsində göstərilən dəstəyin yalnız iştirakçıların deyil, bütövlükdə cəmiyyətimizin gələcəyinə töhfə verəcəyinə inanırıq”.
Fondun rəhbəri layihə iştirakçılarının gələcəkdə özlərinin də digər qızların təhsilinə dəstək verəcəklərinə inandığını qeyd edib:
“İnanırıq ki, bu layihə iştirakçıların həyatında mühüm dönüş nöqtəsinə çevriləcək. Onlar gələcəkdə peşəkar fəaliyyətlərində uğur qazandıqda, rəhbər vəzifələrdə çalışdıqda və ya sahibkar olduqda vaxtilə aldıqları dəstəyi xatırlayaraq özlərindən sonra gələn nəslin təhsilinə və inkişafına töhfə verəcəklər”.
Paraqraf.com
![]()

