19 Okt 2026, Be

Əmrah Həsənli: “Dərslərin saat 10:00–11:00-da başlaması reallıqdan uzaqdır”

PAYLAŞIN:

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyevanın dərslərin saat 10:00–11:00-da başlaması ilə bağlı təklifi müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Paraqraf.com-a münasibət bildirən təhsil eksperti Əmrah Həsənli təklifin mövcud sosial və pedaqoji reallıqları nəzərə almadığını bildirib.

Ekspertin fikrincə, məktəblərin ətrafında yaranan nəqliyyat sıxlığını dərs saatlarını dəyişməklə aradan qaldırmaq mümkün deyil. Onun sözlərinə görə, Azərbaycanda rəsmi iş saatları əsasən saat 09:00-da başlayır. Valideynlər isə səhər saat 07:00–08:00 aralığında evdən çıxaraq övladlarını məktəbə aparır, daha sonra işə tələsirlər. Dərslərin saat 10:00 və ya 11:00-da başlaması işləyən valideynlərin gündəlik rejimində ciddi çətinliklər yarada bilər.

Əmrah Həsənli diqqətə çatdırıb ki, ölkədə iki və hətta üç növbəli rejimdə fəaliyyət göstərən məktəblər də var. Səhər növbəsinin gec başlaması digər növbələrin saatlarının da axşama doğru dəyişməsinə səbəb ola bilər. Nəticədə şagirdlər məktəbdən gec çıxar, evə gec qayıdar və normal istirahət etmək imkanları məhdudlaşar.

Təhsil eksperti hesab edir ki, təhsil sistemində dəyişikliklərlə bağlı təkliflər irəli sürülərkən valideynlərin iş qrafiki, məktəblərin növbəlilik sistemi, nəqliyyat sıxlığı və şagirdlərin istirahət rejimi kompleks şəkildə təhlil edilməlidir.

Onun qənaətinə görə, bu amillər nəzərə alınmadan dərslərin başlama saatının dəyişdirilməsi gözlənilən nəticəni verməyə bilər.

 

Kəmalə

Paraqraf.com

Loading