Azərbaycanda ət idxalının artması, Gürcüstandan qoyun və keçi tədarükünün azalması heyvandarlıq sahəsində mövcud vəziyyəti və daxili bazarın təminat imkanlarını gündəmə gətirir.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 37,9 min ton ət idxal edilib. İdxalın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 13,8%, dəyəri isə 17,9% artıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə ölkənin ət idxalına çəkdiyi xərc 89,4 milyon ABŞ dolları təşkil edib. Bu məbləğ Azərbaycanın ümumi idxal xərclərinin 0,6%-nə bərabər olub.
Digər tərəfdən, bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycana 8,16 milyon ABŞ dolları dəyərində 2 946 ton qoyun və keçi ixrac edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 40%, həcm baxımından isə 39% azdır. Ümumi ət idxalının artmasına baxmayaraq, qoyun və keçi tədarükünün azalması diqqət çəkir. Ölkədə qoyun və quzu sayının azalması da nəzərə alındıqda, bu vəziyyət yerli heyvandarlığın inkişafı, daxili bazarın ət təminatı və qiymətlərin formalaşması ilə bağlı suallar yaradır.
Ümumi ət idxalı artsa da, qoyun və quzu tədarükünün azalması bazarda hansı dəyişikliklərə səbəb ola bilər?
Mövzu ilə bağlı Paraqraf.com-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, Azərbaycana ümumi ət idxalının 13,8 faiz artması daxili tələbatın idxal hesabına daha çox ödənildiyini göstərə bilər:
“Lakin Gürcüstandan qoyun və keçi tədarükünün 39 faiz azalmasını yalnız təklifin başqa ölkələrə yönəlməsi ilə izah etmək düzgün olmaz. Buna Gürcüstanda heyvandarlıq məhsullarının ixrac imkanları, qiymət fərqləri, logistika xərcləri, ticarət şərtləri və Azərbaycanda alıcıların alternativ bazarlara üz tutması kimi amillər təsir edir. Konkret səbəbi müəyyənləşdirmək üçün Azərbaycanın digər ölkələrdən qoyun əti və diri heyvan idxalının dinamikasına, eləcə də Gürcüstanın ixrac göstəricilərinə baxmaq lazımdır.
Burada mühüm məqam ondan ibarətdir ki, ümumi ət idxalının artması qoyun əti təklifinin də artması demək deyil. İdxal əsasən mal əti və digər ət növlərinin hesabına yüksələ bilər. Buna görə də qoyun və quzu sayının azalması, yerli istehsalın maya dəyərinin yüksəlməsi və xaricdən tədarükün zəifləməsi eyni vaxtda baş verərsə, qoyun əti bazarında təklif çatışmazlığı riski yaranır”.
Onun sözlərinə görə, elə şəraitdə qoyun ətinin qiymətinə əsasən yüksəlmə istiqamətində təzyiq yaranır:
“Yem, otlaq, baytarlıq və nəqliyyat xərclərinin artması fermerlərin satış qiymətini yüksəldə, idxalın azalması isə bazarda rəqabəti zəiflədə bilər. Bununla belə, qiymət artımının miqyası istehlakçı tələbatından, digər ölkələrdən idxal imkanlarından və yerli təsərrüfatların istehsalı nə dərəcədə artıra bilməsindən asılı olacaq”.
Ekspert qeyd edib ki, uzunmüddətli perspektivdə əsas məsələ idxalı sadəcə artırmaq deyil, yerli heyvandarlığın məhsuldarlığını yüksəltmək, yem bazasını möhkəmləndirmək və damazlıq heyvandarlığı inkişaf etdirməkdir:
“Əks halda, daxili bazarın təminatı xarici tədarükdən daha çox asılı vəziyyətə düşə və qiymət dəyişkənliyi güclənə bilər”.
Gülər Həsənli
![]()

