21 Okt 2026, Ç

Cengiz Çalıkoğlu: Türk dünyasının rəqəmsal gələcəyi texnologiya və kibertəhlükəsizlikdədir

PAYLAŞIN:

Türk dünyasının gələcək inkişafı üçün ortaq tarixi və mədəni irsin texnoloji əməkdaşlıqla tamamlanması vacibdir. Müasir dövrdə dövlətlərin gücü yalnız iqtisadi və hərbi imkanlarla deyil, həm də məlumatların idarə olunması, süni intellekt, rəqəmsal infrastruktur və kibertəhlükəsizlik sahəsindəki potensialı ilə müəyyən edilir.

Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı strateji texnologiyalar, süni intellekt, kibertəhlükəsizlik və rəqəmsal transformasiya üzrə mütəxəssis Cengiz Çalıkoğlu bildirib.

O deyib ki, təxminən 120 il əvvəl İsmayıl Qaspıralının irəli sürdüyü “Dildə, fikirdə, işdə birlik” ideyası müasir dövrdə yeni məzmun qazanır. Bu yanaşma texnologiya, təhlükəsizlik və rəqəmsal gələcək sahələrində də əməkdaşlıq prinsipi kimi inkişaf etdirilməlidir.

Çalıkoğlu vurğulayıb ki, rəqəmsal suverenlik milli suverenliyin mühüm tərkib hissəsinə çevrilib. Ölkələrin öz məlumatlarını idarə etməsi, texnoloji həllər hazırlaması və kritik rəqəmsal sistemlərini qoruması uzunmüddətli müstəqillik baxımından böyük əhəmiyyət daşıyır.

Mütəxəssis Türk dünyası ölkələri arasında ortaq texnoloji ekosistemin yaradılmasını vacib hesab edir. O, “Rəqəmsal İpək Yolu” konsepsiyasının məlumatların, süni intellekt həllərinin, rəqəmsal xidmətlərin və biliklərin ölkələr arasında mübadiləsini gücləndirə biləcək regional əməkdaşlıq modeli kimi nəzərdən keçirilə biləcəyini deyib.

Çalıkoğlu kibertəhlükəsizlik sahəsində birgə fəaliyyətin də xüsusi əhəmiyyət daşıdığını qeyd edərək bildirib ki, enerji, maliyyə, telekommunikasiya və dövlət xidmətləri kimi kritik sahələri hədəf alan kiberhücumlar sərhədləri aşan nəticələr doğura bilər. Buna görə də təhdidlər barədə məlumat mübadiləsi, erkən xəbərdarlıq sistemləri, birgə təlimlər, ortaq standartlar və süni intellekt əsaslı müdafiə imkanları üzrə əməkdaşlığın genişləndirilməsi vacibdir. O, bu istiqamətdə Türk Dövlətləri Təşkilatına “TDT Kollektiv Kibermüdafiə Qüvvəsi” mövzusunda təşəbbüs və konsepsiya təqdim etdiyini bildirib. Təklifin məqsədi Türk dünyası ölkələri arasında kibertəhlükəsizlik sahəsində koordinasiyanın və birgə müdafiə imkanlarının gücləndirilməsidir.

Mütəxəssis açıqlamasında gənclərin roluna da diqqət çəkib. Onun fikrincə, Türk dünyasının gəncləri yalnız texnologiyalardan istifadə edən deyil, həm də süni intellekt həlləri hazırlayan, proqram təminatı yaradan, startaplar quran və kibertəhlükəsizlik sahəsində çalışan mütəxəssislər kimi yetişməlidirlər. Ortaq layihələrin həyata keçirilməsi və bilik mübadiləsinin genişləndirilməsi regionun texnoloji potensialının artmasına töhfə verə bilər.

“Türk dünyasının rəqəmsal gələcəyi ortaq kimlik, ortaq düşüncə, ortaq texnologiya və ortaq təhlükəsizlik prinsipləri əsasında qurula bilər. Bu yanaşma dövlətlərin suverenliyini və fərqli inkişaf modellərini qorumaqla ümumi maraq doğuran sahələrdə daha sıx əməkdaşlığa imkan yaradır. “Dildə, fikirdə, işdə birlik” çağırışı müasir dövrün tələblərinə uyğun olaraq “Texnologiyada birlik, təhlükəsizlikdə birlik, gələcəkdə birlik” prinsipləri ilə tamamlamaq vacibdir”, – deyə Çalıkoğlu fikirlərini tamamlayıb.

Loading