Vətən — sadəcə torpaq parçası deyil, uğrunda can verilən, qan tökülən, mərd oğulların fədakarlığı ilə ucalan müqəddəs bir ocaqdır. Azərbaycanın yaxın tarixində elə ömür yolları var ki, hər addımı fədakarlıq, hər anı qəhrəmanlıq nümunəsidir. Füzuli torpağının yetişdirdiyi, ömrünü Vətənin müdafiəsinə həsr edən Natiq Dədəş oğlu Hacıyev də adı tariximizə qızıl hərflərlə yazılan belə igidlərimizdəndir.
Ömrün ilk baharı və Vətən çağırışı
Natiq Hacıyev 1970-ci ildə Füzuli rayonunun Qorğan kəndində dünyaya göz açıb. Uşaqlıq və gənclik illərini doğma el-obada keçirən Natiq 1987-ci ildə orta məktəbi bitirib, 1988–1990-cı illərdə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçərək əsgərlik borcunu şərəflə yerinə yetirib.
Lakin hərbi xidmətdən qayıtdıqdan az sonra doğma torpaqlarımızın başı üzərini alan təhlükə onun həyat yolunu dəyişib. O, rahat həyatı deyil, çətin və şərəfli Vətən müdafiəsi yolunu seçərək könüllü şəkildə ön cəbhəyə yollanıb.
Vətən müdafiəsində ilk döyüş yolu: 723-cü batalyon
Döyüş yoluna Füzuli rayonunda yerləşən 723 nömrəli batalyonda manqa komandiri kimi başlayan Natiq Hacıyev qısa zamanda cəsarəti və təşkilatçılığı ilə döyüş yoldaşlarının rəğbətini qazanıb. Düşmənin ardı-arası kəsilməyən həmlələrinin və qəfil hücumlarının qarşısının alınmasında o, manqası ilə birlikdə mərdliklə vuruşub, ana torpağın hər qarışı uğrunda mübarizə aparıb.
Haramı düzündə döyüş və zəfər əzmi
Müharibənin ağır sınaqları Natiq Hacıyevi 181 nömrəli briqadanın 3-cü batalyonuna gətirib çıxarıb. 1993–1994-cü illərin sərt qışında və gərgin döyüş günlərində o, strateji baxımdan mühüm əhəmiyyət daşıyan Haramı düzünün düşməndən azad edilməsi əməliyyatında qəhrəmancasına iştirak edib. Həmin günlərdə göstərdiyi şücaət onun Vətənə sonsuz sevgisinin və sarsılmaz döyüş ruhunun bariz nümunəsi olub.
Son döyüş və sarsılmaz iradə
Natiq Hacıyevin son döyüşü Füzuli rayonunun Aşağı Veysəlli kəndi istiqamətində baş verib. Düşmənin diversiya qrupunun mövqelərimizə sızmaq cəhdinin qarşısını alarkən o, yenə də ön cəbhədə olub. Hücumun dəf edilməsi zamanı ağır yaralanan döyüşçümüz öz canı bahasına tapşırığın uğurla yerinə yetirilməsinə töhfə verib.
Yaşayan qəhrəmanlıq salnaməsi
Ağır yaralanması nəticəsində I Qarabağ müharibəsi əlili olan və II qrup əlillik dərəcəsi alan Natiq Hacıyev bu gün də məğrurluq və qürurla yaşayır. O, Vətən uğrunda sağlamlığını itirsə də, xalqımızın yaddaşında silinməz iz qoyub.
Qorğan kəndinin bu igid oğlu təkcə doğma kəndinin deyil, bütün Azərbaycanın fəxr etdiyi insanlardandır. Natiq Hacıyev kimi qəhrəmanların həyat yolu gələcək nəsillərə vətənpərvərlik, mərdlik və fədakarlıq nümunəsi göstərən canlı bir məktəbdir.
Aynur Nadirqızı
Paraqraf.com
![]()

