PAYLAŞIN:

Müğənni Nura Suri Xətai rayonunda yolların təmiri ilə əlaqədar nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyətlərə münasibət bildirib.

Paraqraf.com xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında yayılan açıqlamasında yolların təmirinin şəhərin daha az sıx olduğu avqust ayında aparılmamasını tənqid edib.

“Avqust ayında şəhər boş olanda yolları təmir etmədilər. Çox güman ki, özləri də istirahətdə idilər. Sentyabrın ilk yarısında da etmədilər. Gözlədilər ki, məktəblər açılsın, sonra təmirə başlasınlar. Şənbə-bazar da yox ha, məhz həftənin birinci günü yolları bağlamaq lazım imiş!” – deyə Nura Suri bildirib.

Müğənni yaranan tıxacların insanların gündəlik həyatına ciddi təsir etdiyini vurğulayıb:

“İnsanların həyatını tıxacda çürüdürlər, heç kəsin də vecinə deyil”.

Qeyd edək ki, sentyabrın 14-dən etibarən Xətai rayonunun 8 Noyabr prospektinin müəyyən hissələrində təmir işlərinin aparılacağı açıqlanıb. Bildirilib ki, işlər zamanı nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulması nəzərdə tutulmur. Hazırda isə Abdulla Rəhimov, İlqar Abbasov və Həzi Aslanov küçələrində təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilir.

Loading