1961-ci il aprelin 17-də gecə saat 03:15-də Kuba lideri Fidel Kastroya ölkənin cənub sahillərində desant çıxarılması barədə xəbər çatdırılıb. ABŞ-nin dəstəklədiyi silahlı mühacirlər Kubaya hücuma başlayıb. Tarixə “Donuzlar körfəzi əməliyyatı” kimi düşən bu hadisə cəmi üç gün ərzində Vaşinqtonun ciddi siyasi məğlubiyyəti ilə nəticələnib.
Kastronu devirmək planı
Əməliyyatın arxasında ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) dayanıb. İngiliscə CIA adlanan bu qurum xarici ölkələrdə kəşfiyyat məlumatları toplamaq və gizli əməliyyatlar həyata keçirməklə məşğul olub. MKİ-nin rəhbəri Allen Dalles Kubada hakimiyyətin dəyişdirilməsi planının əsas təşkilatçılarından biri kimi çıxış edib. O, 1954-cü ildə Qvatemalada hökumətin devrilməsinə gətirib çıxaran əməliyyatla da əlaqələndirilib.

1959-cu ildə Fidel Kastronun rəhbərlik etdiyi inqilabın qələbəsindən sonra Vaşinqton Kubada yeni hakimiyyətin möhkəmlənməsini öz maraqlarına təhlükə hesab etməyə başlayıb. 1960-cı ilin martında ABŞ prezidenti Duayt Eyzenhauer Kubada rejim dəyişikliyinə yönəlmiş gizli tədbirlər planını təsdiqləyib. Əməliyyat üçün təxminən 13 milyon dollar ayrılıb ki, bu məbləğ indiki pulla yüz milyon dollardan çoxdur.
Planın əsasını Kubanı tərk etmiş mühacirlərdən silahlı dəstə yaratmaq, onları xaricdə hazırlamaq və adaya çıxarmaq təşkil edib. MKİ bu qüvvələrin hücumunun ölkə daxilində Kastroya qarşı kütləvi üsyana səbəb olacağını düşünüb. Qvatemala və Nikaraquadakı bazalarda təlim keçən təxminən 1 500 nəfərlik 2506-cı briqada tanklar, zirehli texnika və digər silahlarla təmin edilib. Lakin planın ən zəif tərəfi siyasi hesablamalar olub. ABŞ rəhbərliyi kubalıların böyük hissəsinin Kastroya qarşı qalxacağına inanıb, amma bu ehtimalı təsdiqləyən etibarlı əsaslar kifayət etməyib.
İlk zərbə və ifşa olunan plan
Əvvəlcə desantın Trinidad şəhəri yaxınlığında çıxarılması nəzərdə tutulub. Lakin yeni prezident Con Kennedi planı dəyişdirərək əməliyyatın bataqlıq ərazilərlə əhatələnmiş Donuzlar körfəzində həyata keçirilməsinə razılıq verib. Bu qərar hücum edənlərin manevr imkanlarını məhdudlaşdırıb.

Aprelin 15-də ABŞ-nin dəstəklədiyi səkkiz B-26 bombardmançı təyyarəsi Kuba aerodromlarına zərbə endirib. Məqsəd ölkənin hərbi aviasiyasını sıradan çıxarmaq olub. Ancaq hücum gözlənilən nəticəni verməyib: Kuba təyyarələrinin yalnız bir neçəsi məhv edilib. Əməliyyatın arxasında ABŞ-nin dayandığını gizlətmək üçün təyyarələrdən birinin guya Kubadan qaçan pilot tərəfindən idarə olunduğu barədə versiya irəli sürülüb. Lakin bu ssenari Mayamidə ifşa olunub. Kennedi növbəti hava hücumu dalğasını ləğv edib və bununla da desant qüvvələrinin hava dəstəyini zəiflədib.
Aprelin 17-də mühacirlər üç istiqamətdən sahilə çıxmağa başlayıblar. Lakin Kuba aviasiyası dərhal əks-hücuma keçib. Hücum edənlərin təchizatını daşıyan “Houston” və “Rio Escondido” gəmiləri vurularaq sıradan çıxarılıb. Nəticədə silah-sursat və digər ləvazimatların döyüş meydanına çatdırılması çətinləşib.
Fidel Kastro vəziyyəti şəxsən nəzarətdə saxlayaraq əks-hücum əmri verib. Kuba ordusu desant qüvvələrini sahildə sıxışdırmağa başlayıb. Döyüşlərin gedişinə təsir edən amillərdən biri də sovet istehsalı T-34-85 tanklarının istifadəsi olub. Xüsusilə Playa Xiron istiqamətindəki döyüşlərdə Kuba qüvvələri hücum edənlərin irəliləməsini dayandırıb.

ABŞ əməliyyatın birbaşa iştirakçısı olmadığını göstərməyə çalışsa da, hadisələrdə amerikalı hərbçilərin də rolu üzə çıxıb. Alabama milli qvardiyasının pilotları da döyüşlərə cəlb edilib. İki B-26 təyyarəsi vurulub, amerikalı pilot Tomas Pit Rey həlak olub. ABŞ-ın hərbi gəmiləri isə vəziyyətin daha da ağırlaşması fonunda geri çəkilib. Aprelin 19-na qədər desant qüvvələrinin müqaviməti əsasən qırılıb. 2506-cı briqadanın 114 üzvü öldürülüb, 1 202 nəfəri əsir götürülüb. Kuba tərəfinin itkiləri isə 176 nəfər həlak olan və təxminən 500 yaralanan təşkil edib.
Uğursuzluğun nəticələri
Donuzlar körfəzi əməliyyatı ABŞ-nin xarici siyasətində ciddi uğursuzluq kimi tarixə düşüb. MKİ rəhbərliyinin planlaşdırma və kəşfiyyat səhvləri tənqid olunub, Allen Dalles isə sonradan vəzifəsindən uzaqlaşdırılıb. Əməliyyatın iflasa uğraması ABŞ-nin Kubada kütləvi xalq üsyanı yaranacağına dair hesablamalarının yanlış olduğunu üzə çıxarıb.

Lakin məğlubiyyət Kastronun mövqelərini zəiflətmək əvəzinə, onun hakimiyyətini gücləndirib. Kuba rəhbərliyi hadisələri ölkəyə qarşı xarici müdaxilə kimi təqdim edib, inqilabın sosialist xarakterini daha açıq şəkildə elan edib və Sovet İttifaqı ilə əlaqələrini dərinləşdirib. Əsir götürülmüş briqada üzvlərinin böyük hissəsi 1962-ci ilin dekabrında ABŞ-la aparılan razılaşma çərçivəsində ərzaq və tibbi ləvazimatlar müqabilində azad edilib. Kuba isə ABŞ-dən 53 milyon dollar dəyərində kompensasiya tələb edib.
Donuzlar körfəzi əməliyyatı göstərib ki, xaricdə hazırlanmış silahlı qüvvələrin hücumu ölkə daxilində avtomatik olaraq xalq üsyanı yaratmır. Vaşinqton Kastronu devirmək istəyib, lakin nəticədə onun hakimiyyətini möhkəmləndirib və Kubanı Moskva ilə daha sıx əməkdaşlığa yönəldib. Beləliklə, cəmi 72 saat davam edən döyüşlər “soyuq müharibə” tarixində dərin iz buraxıb və ABŞ-ın gizli əməliyyatlarının planlaşdırılmasındakı ciddi səhvləri üzə çıxarıb.
İlkin Nəcəf
![]()

