Sevgi nədir? Həyata bağlanmağımıza səbəb olan bir duyğu, yoxsa insanın ruhunda silinməz izlər buraxan mənəvi bir bağlılıq? Həyatımız boyunca müxtəlif sevgilər yaşayırıq, lakin qəlbimizdə ən dərin iz buraxan, ruhumuza toxunan və dünyamızı dəyişdirən hiss məhəbbətdir. Bu, çox zaman iradəmizdən asılı olmadan yaranan, insanın düşüncələrinə, davranışlarına və həyata baxışına təsir göstərən qeyri-adi bir duyğudur.
Bəzən qəlbimizdə daşıdığımız sevgi onu layiqincə qiymətləndirməyi bacarmayan insanlara ünvanlanır. Həyatda hər zaman doğru insanı tapmaq asan olmur. Bəzən qarşımıza bizi xoşbəxt edən, bəzən isə məyusluğa uğradan insanlar çıxır. Bir insanın həqiqətən bizim üçün doğru seçim olub-olmadığını anlamağın ən yaxşı yollarından biri onunla zaman keçirmək, həyatın müxtəlif sınaqlarını birlikdə yaşamaqdır.
Sevginin gücü insanı bəzən qarşısındakı şəxsə görünməz tellərlə bağlayır. Arada qan bağı olmasa da, sanki can bağı yaranır. İnsan sevdiyi şəxsi həyatının ayrılmaz bir hissəsi hesab edir. Ondan ayrılmaq fikri belə bütün işıqların sönəcəyi, həyatın mənasını itirəcəyi qorxusunu yaradır. Elə bil nəfəsimiz daralır, ətrafımızdakı dünya öz rənglərini itirir. Bəs bu qədər dərin və güclü duyğu sevgi deyil, bəs nədir?
Mən həmişə müşahidə etmişəm ki, sevgi insanın dünyanı qavrama tərzini dəyişir. Məsələn, əvvəllər dinlədiyimiz, lakin xüsusi əhəmiyyət vermədiyimiz bir musiqi sevdiyimiz insanla birlikdə dinlədikdə ən gözəl melodiyaya çevrilə bilər. Onunla getdiyimiz bir məkan bizə dünyanın ən gözəl yeri, adi bir an isə ömrümüzün ən unudulmaz xatirəsi kimi görünər. Sanki həyatın bütün gözəllikləri həmin insanın varlığı ilə yeni məna qazanır. Bəzən bir sevgi insanın həyatında ən böyük dönüş nöqtəsinə çevrilir.
Ancaq sevginin yalnız gözəlliklərdən ibarət olmadığını da unutmamalıyıq. O, insanı xoşbəxt etdiyi qədər həssas və kövrək də edə bilər. Sevdiyimiz insana həddindən artıq bağlandıqda özümüzü, arzularımızı və fərdi dünyamızı arxa plana keçirə bilərik. Bu zaman sevgi ilə asılılıq arasındakı incə sərhəd itir.
Sevgi bəzən ürəyimizdə alovlanan bir oda bənzəyir. Bu od bizi isidir, ruhumuza həyat verir, lakin onun alovunda özümüzü itirmək təhlükəsi də var. Bəzən bütün həyatımızı bir insana görə çərçivəyə salır, qapılarımızı və pəncərələrimizi dünyaya bağlayırıq. Yalnız özümüzün və sevdiyimizin olduğu kiçik bir dünya yaradırıq. Zaman keçdikcə həmin dünya gözümüzdə bütün kainatdan böyük görünür.
Bəlkə də insan bu dünyanı özü yaradır və bir gün oradan ayrılmaq istəmir. Onun üçün bu dünya rəngarəng çiçəklərlə bəzənmiş bir laləzar bağına çevrilir. Həmin bağın toxumları isə insanın öz əlindədir. İstəsə, onları böyüdüb çiçəkləndirər, istəsə, gələcək üçün qoruyub saxlayar. Sevgi də belədir: ona necə yanaşmağımız, onu necə qorumağımız və hansı dəyərlər üzərində qurmağımız münasibətimizin gələcəyini müəyyənləşdirir.
Sevgi asılılıqdır, yoxsa mənəvi möcüzə?
Sevginin mahiyyəti əsrlər boyu insanları düşündürüb. Bu mövzuda saysız-hesabsız əsərlər yazılıb, müxtəlif fəlsəfi yanaşmalar irəli sürülüb. Leyli və Məcnunun qovuşmaz eşqi, Fərhad və Şirinin fədakarlığı, Əli və Ninonun hekayəsi məhəbbətin müxtəlif çalarlarını əks etdirən nümunələrdir.
Azərbaycan tarixində isə İlham və Fərizənin sevgisi xüsusi yer tutur. Onların bir-birinə bağlılığı, sədaqəti və taleləri ilə bağlı xatirələr saf məhəbbətin rəmzlərindən biri kimi yaddaşlarda yaşayır. Bu hekayə bizə sevginin yalnız xoşbəxt anlardan ibarət olmadığını, onun sədaqət, fədakarlıq və mənəvi bağlılıqla da ölçüldüyünü xatırladır.
Mənim fikrimcə, saf məhəbbət nə dəlilikdir, nə də insanın özünü tamamilə itirməsi. O, hər kəsin yaşaya biləcəyi, lakin mahiyyətini hər kəsin eyni dərinlikdə anlaya bilmədiyi incə bir duyğudur. Qəlbin ən sakit guşələrində yaranan, ruhu həm həyəcanlandıran, həm də düşündürən bir möcüzədir.
Belə möcüzələr həyatımızda hər zaman baş vermir. Bəlkə də elə buna görə bəzi sevgi hekayələri əsrlər boyu yaşayır, nəsillərdən-nəsillərə ötürülür və insanlara ilham verir.
Lakin sevgiyə başqa bir tərəfdən də baxmaq lazımdır: Yaşadığımız sevgi həqiqətdir, yoxsa özümüzün yaratdığımız bir xəyal?
Xəyal etdiyimiz insan, yoxsa sevdiyimiz insan?
Bəzən insan sevərkən ilahi sevgini insani duyğularla qarışdırır. Nağıllara inanaraq ağ atlı şahzadəsini gözləyən bir qız sevdiyi şəxsi bütün arzularını gerçəkləşdirəcək, heç vaxt səhv etməyəcək və onu daim xoşbəxt edəcək mükəmməl biri kimi təsəvvür edə bilər.
Ancaq zaman keçdikcə həmin insanın gözləntilərə uyğun olmadığını gördükdə məyusluq başlayır. Əvvəlki həyəcan azalır, arzular gerçəkliklə üzləşir və insan bəzən bütün ümidlərinin puça çıxdığını düşünür.
Halbuki bəzən yanılan sevgi deyil, insanın gözləntiləridir.
Sevmək qarşımızdakı insanı dəyişdirməyə çalışmaq, onu öz arzularımıza uyğunlaşdırmaq demək deyil. Əsl sevgi insanı olduğu kimi tanımaq, onun fərqli xüsusiyyətlərini anlamaq və qarşılıqlı hörmət çərçivəsində qəbul etməkdir. Qarşımızdakı insanın tamamilə başqa birinə çevrilməsini gözləmək sevginin deyil, şəxsi arzularımızı başqasının üzərində gerçəkləşdirmək istəyinin göstəricisidir.
Əlbəttə, sevmək hər davranışı qəbul etmək, öz dəyərlərimizdən imtina etmək və ya zərərli münasibətə dözmək demək də deyil. Sağlam məhəbbətin təməlində qarşılıqlı hörmət, anlayış, etibar və sərhədlərə riayət dayanır.
İnsan sevdiyi şəxsin yalnız gözəl tərəflərini deyil, zəif cəhətlərini də görməyi bacarmalıdır. Çünki heç kim qüsursuz deyil. Məhz fərqliliklərə baxmayaraq bir-birini anlamaq və münasibət üzərində birlikdə çalışmaq sevgini daha möhkəm edir.
Saf məhəbbətin əsl mənası
Məncə, saf məhəbbət insanın qarşısındakına yalnız öz xoşbəxtliyi naminə bağlanması deyil. Bu, sevdiyinin xoşbəxtliyini də düşünmək, onun arzularına hörmətlə yanaşmaq və münasibətdə hər iki tərəfin mənəvi inkişafına şərait yaratmaqdır.
Sevgi qarşılıq gözləmədən verilən duyğu kimi romantikləşdirilsə də, uzunmüddətli münasibətin sağlam qalması üçün qarşılıqlılıq vacibdir. Bir insanın daim verməsi, digərinin isə yalnız qəbul etməsi münasibəti zamanla yorucu edə bilər. Həqiqi məhəbbət hər iki tərəfin bir-birini dinlədiyi, anladığı və dəyər verdiyi münasibətdə özünü göstərir.
Bəzən sevmək azad buraxmağı bacarmaqdır. Sevdiyimiz insanın seçimlərinə hörmət etmək, onun fərdi dünyasını qorumaq və özümüzü də unutmamaq sevginin yetkinliyindən xəbər verir. Çünki sevgi insanı əsir etməməli, ona mənəvi güc verməlidir.
Həyatımızı yalnız bir insana bəslədiyimiz məhəbbət gözəlləşdirmir. Bəşəriyyətə duyduğumuz mərhəmət, insanlara göstərdiyimiz qayğı, saflıq, təmizlik və məsumluq da həyatımıza məna qatır. İnsan sevgini yalnız bir şəxsin qəlbində axtarmamalı, onu ailəsində, dostluqlarında, insanlara münasibətində və həyata baxışında da yaşatmağı bacarmalıdır.
Həyatı sevək, özümüzü sevək, insanları sevək. Eşqi isə onun qədrini bilən, onu qorumağı və yaşatmağı bacaran insanla bölüşək.
Çünki qadınlar çox zaman sevgini yaşadan, ailə daxilində qoruyan və gələcək nəsillərə ötürən mühüm mənəvi dayaqlardan biridir. Sevgi qadının qəlbində başlayaraq ailəyə, ailədən cəmiyyətə, cəmiyyətdən isə bütün bəşəriyyətə yayıla bilər.
Saf məhəbbət insanın özünü itirməsi deyil, sevdiyi ilə birlikdə daha gözəl bir insan olmağı bacarmasıdır. O, qəlbləri birləşdirən, həyata məna verən və zaman keçsə də, insanın ruhunda yaşamağa davam edən ən qiymətli duyğulardan biridir.

Nuridə Allahberdiyeva
İbtidai sinif müəllimi
![]()

