Avropada etiraz aksiyalarının miqyası genişlənir.
Albaniyadan başlayan iştişaşlar Fransa, İtaliya, Belçika, İspaniya və Portuqaliyaya da yayılıb. Etirazların sosial narazılığın güclü olduğu Almaniyaya da keçməsi ehtimalı var. Siyasi müşahidəçilər daha çox gənclərin və yeniyetmələrin etirazları fonunda başlayan bu aksiyalara “Z nəslinin inqilabı” adını veriblər. Küçə nümayişləri zamanı ticarət mərkəzlərinin, dükan və marketlərin talan edilməsi də məhz gənclərin əməli hesab olunur.
Lakin baş verən hadisələrin ümumi təhlili aksiyalara Avropada getdikcə artan qiymət artımlarının səbəb olduğunu deməyə əsas verir. Bu isə yalnız gəncləri və ya Fransada olduğu kimi məktəbliləri deyil, bütövlükdə cəmiyyətin ayrı-ayrı kateqoriyalarını narahat edən problemdir.
Məsələn, Fransada enerji qiymətləri inflyasiyanı idarə edən əsas amilə çevrilib. Sentyabr ayında ötən ilin müvafiq döğvrü ilə müqayisədə enerji bazarıənda qiymətlər 21,3 faiz artıb. Bu da öz növbəsində qida sektorunda bahalaşmaya səbəb olub.
Son illərdə Avropa İttifaqında qida və alkoqolsuz içkilərin qiymətləri əhəmiyyətli dərəcədə artdığı halda, Fransada minimum əməkhaqqının alıcılıq qabiliyyəti təxminən 4 faiz aşağı düşüb. Fransa Maliyyə Nazirliyi 2026-cı il üçün orta inflyasiyanın 2,1 faizdən ilin sonuna qədər 3,0-3,1 faizə qədər yüksələcəyini proqnozlaşdırır. Bu da Fransa hökumətinin 2027-ci ilin dövlət büdcəsi layihəsində ibtidai və orta təhsilin maliyyələşdirilməsi üçün ayırdığı 65,53 milyard vəsaitə mənfi təsir göstərə bilər.
İtaliyada da benzinin və dizelin bahalaşması etirqazlara səbəb olub. Benzinin pərakəndə satış qiymətinin 2,159 avrodan 2,254 avroya, dizelin qiyməti isə 2,377 avrodan 2,50 avroya qədər qalxması yük avtomobilləri sürücülərini etiraz aksiyalarına başlamağa vadar edib. İtaliyanın cənubunda, xüsusilə Neapol yaxınlığında fermerlər bahalaşmaya qarşı çıxıblar. Milan, Turin, Bolonyada etirazçılarla polis arasında toqquşmalar baş verib.
Fransa, İtaliya, İspaniya və Polşada keçiriləcək prezident və parlament seçkiləri ərəfəsində belə aksiyaların baş qaldırması hakimiyyətə ultrasağçı qüvvələrin gəlməsi üçün yeni siyasi imkanlar açır. Proseslərin belə davam etməsi son zamanlar regional geosiyasi münaqişələrin təsiri fonunda zəifləmiş Avropa İttifaqının dağılmasına səbəb ola biləcək vəziyyət kimi qiymətləndirilir.
Belçikada fransızdilli icma dövlət siyasətində daha üstün mövqeyə malik olduğundan Fransada baş verən aksiyalar bu ölkəyə tez təsir edir. Ona görə də post-Makron dövründə ifrat sağçıların hakimiyyətə gəlməsi Avropa İttifaqının siyasi mərkəzi hesab olunan Belçikada vəziyyəti dəyişə bilər.
Əslində, Avropada sosial narazılığı yaradan səbəblər daha çox Ukraynada və Yaxın Şərqdə davam edən müharibələrlə bağlıdır. Rusiyaya qarşı sanksiyalar və Hörmüz boğazının bağlı qalması Avropada yalnız enerji daşıyıcılarının deyil, həm də sənaye və ərzaq məhsullarının da qiymətlərinə təsir göstərib. Digər bir problem isə Avropa İttifaqı ölkələrinin son vaxtlar Rusiyanın mümkün hücumunun qarşısını almaq üçün müdafiə xərclərinin artırılmasına daha çox diqqət yetirməsi ilə bağlıdır.
Ukraynadan və Yaxın Şərqdən milyonlarla miqrantın Avropaya yayılması mənzillərin və yaşayış xərclərinin bahalaşmasına səbəb olub. Məhz bu səbəbdən İtaliyadakı nümayişçilər “Müharibə üçün yox, məktəblər üçün pul” şüarını səsləndiriblər. Niderlandda isə etirazçılar hökumətdən müharibə isteriyasına son qoymağı tələb ediblər.
Qeyd edək ki, bu, 2017-2018-ci ildə Avropada baş vermiş proseslərin yeni forması kimi şərh oluna bilər. Belə ki, 2016-cı ildə ABŞ-də Donald Trampın ilk dəfə prezident seçilməsi Avropada ifrat sağçıların fəallaşması, bəzi ölkələrdə seçkilərdə qalib gəlməsinə gətirib çıxartmışdı.
Paralel olaraq, Avropa İttifaqından imtina çağırışları Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına, İtaliyada “İtalexit”, Fransada “Frexit” hərəkatlarının baş qaldırmasına, Almaniyada ifrat sağçı “Almaniya üçün Alternativlər” Partiyasının yerli seçkilərdə qalib gəlməsinə səbəb olmuşdu.
Lakin sonrakı mərhələdə Fransa, İtaliya, Almaniya kimi ölkələrdə Avropa ittifaqı tərəfdarlarının hakimiyyətə gəlişi, 2020-ci ildə isə Donald Trampın prezident seçkilərində məğlubiyyəti birliyi qorunub saxlanılmasında mühüm rol oynadı.
Ona görə də baş verən aksiyaların real nəticələri Fransa, İtaliya, İspaniya, Portuqaliyada keçiriləcək seçkilərin nəticəsindən və Almaniyada Mertsin hakimiyyətdə nə qədər qalmaq bacarığından asılı olacaq.
Müşfiq Abdulla
![]()

