Dövlət İdarəçilik Akademiyasının akkreditasiyadan keçməməsi ilə bağlı yayılan məlumatlar müzakirələrə səbəb olub. Məsələ ilə bağlı universitetlərin akkreditasiya və lisenziyalaşdırma prosesinin necə həyata keçirildiyi, eləcə də bu cür halların tələbələrə mümkün təsiri diqqət çəkir.
Mövzu ilə bağlı təhsil eksperti Elmin Nuri Paraqraf.com-a bildirib ki, Dövlət İdarəçilik Akademiyasının akkreditasiyadan keçməməsi ilə bağlı yayılan məlumatları tam dəqiq hesab etmir:
“Adətən universitetlər beş ildən bir yenidən monitorinq edilir və qiymətləndirilir. Tələblərə uyğun olduqda onlara növbəti beş il üçün lisenziya verilir. Bu qayda həm dövlət, həm də özəl universitetlərə aiddir. Hər hansı meyar üzrə tələblərə uyğunluq təmin edilmədikdə isə universitetə çatışmazlıqları aradan qaldırmaq üçün vaxt verilir. Daha sonra məsələyə yenidən baxılır və lisenziya təqdim olunur.
Dövlət İdarəçilik Akademiyasında hazırkı vəziyyət də bu çərçivədə qiymətləndirilməlidir. Buna görə də narahatlığa əsas yoxdur.
Ümumiyyətlə, digər universitetlərdə təhsil alan tələbələr və onların yaxınları da ‘Birdən bizim universitetdə də belə bir hal baş verər?’ deyə düşünərək qətiyyən narahat olmasınlar. Heç bir dövlət və ya özəl universitetin belə bir aqibətlə üzləşməsi gözlənilmir”.
Ağayeva Aidə
Paraqraf.com
![]()

