Azərbaycanda dağ çaylarının yanvar–mart aylarındakı rejimi əsasən çayın yerləşdiyi yüksəklikdən, qar örtüyünün vəziyyətindən, havanın temperaturundan və yağıntıların xarakterindən asılıdır. Ümumilikdə, yanvar və fevral ayları dağ çaylarında suyun nisbətən az olduğu dövr hesab edilir. Mart ayında isə temperaturun yüksəlməsi, qar əriməsi və yaz yağışlarının təsiri ilə çaylarda suyun səviyyəsi artmağa başlayır.
Yanvar ayında dağlıq ərazilərdə yağıntıların böyük hissəsi qar şəklində düşür və qar örtüyü formalaşır. Temperaturun aşağı olması səbəbindən qar əriməsi zəif gedir, çayların qidalanmasında ərinti sularının rolu azalır. Bu dövrdə axın əsasən yeraltı sular hesabına təmin olunur. Nəticədə əksər dağ çaylarında azsululuq müşahidə edilir. Kiçik çaylarda suyun donması və məcrada buz yığılması da mümkündür. Yanvar ayında sel təhlükəsi, bir qayda olaraq, nisbətən aşağı olsa da, qəfil istiləşmə və güclü yağışlar qarın sürətlə əriməsinə, nəticədə isə lokal daşqınların yaranmasına səbəb ola bilər.
Fevral ayında yüksək dağlıq ərazilərdə qar toplanması davam edir və çaylarda su sərfi, adətən, aşağı səviyyədə qalır. Lakin ayın ikinci yarısında havanın temperaturunun yüksəlməsi ilə alçaq və orta dağlıq ərazilərdə qar əriməsi başlaya bilər. Əgər qar əriməsi intensiv yağışlarla eyni vaxta təsadüf edərsə, çayların su səviyyəsində qısamüddətli artım müşahidə oluna bilər. Bununla belə, qar və yağış suları ilə qidalanan bir çox çaylarda əsas bolsululuq dövrü hələ başlamır və yaz aylarında daha aydın şəkildə özünü göstərir.
Mart ayında havanın tədricən isinməsi dağ çaylarının rejimində mühüm dəyişikliklərə səbəb olur. Xüsusilə alçaq və orta dağlıq qurşaqlarda qarın əriməsi sürətlənir, yaz yağışları isə çaylara daxil olan suyun həcmini artırır. Nəticədə çayların su sərfi və səviyyəsi yüksəlməyə başlayır. Mart ayının ikinci yarısında intensiv yağıntıların, sürətli qar əriməsinin və torpağın su ilə doymasının eyni vaxtda baş verməsi daşqın və sel təhlükəsini artıra bilər.
2026-cı ilin mart ayının sonlarında da intensiv yağışlar nəticəsində Azərbaycanın daxili və transsərhəd çaylarında su səviyyəsinin yüksəlməsi və gursululuq hadisələri müşahidə edilib. Bununla belə, dağ çaylarında suyun maksimum səviyyəyə çatdığı dövr onların qidalanma xüsusiyyətlərindən və yerləşdiyi yüksəklikdən asılıdır. Məsələn, Kür çayında maksimum səviyyə əsasən aprel ayına, Araz çayında isə may ayına təsadüf edə bilər.
Daşqın və sel arasındakı fərq
Dağ çaylarının rejimini qiymətləndirərkən daşqın və sel hadisələrinin fərqini nəzərə almaq vacibdir. Daşqın çayda suyun səviyyəsinin yüksələrək məcradan çıxması və ətraf əraziləri basmasıdır. Sel isə dağlıq ərazilərdə yaranan, su ilə yanaşı palçıq, daş və digər bərk materialları da hərəkətə gətirən sürətli və dağıdıcı axındır.
Qış aylarında çayların su səviyyəsinin yüksəlməsi və daşqın riski əsasən hava şəraitindən, yağıntıların miqdarından və qar örtüyünün vəziyyətindən asılıdır. Daşlı və daşlı-palçıqlı sellər isə daha çox intensiv leysan yağışları və digər əlverişsiz hidroloji şərait nəticəsində yaranır.
Azərbaycanda, xüsusilə Böyük Qafqazın cənub yamaclarında yerləşən Şəki, Qəbələ və Qax rayonları sel hadisələrinə daha çox məruz qalan ərazilər sırasındadır. Bu ərazilərin relyefi, çay hövzələrinin xüsusiyyətləri və yağıntıların intensivliyi sel riskinin formalaşmasında mühüm rol oynayır.
Ümumilikdə, yanvar ayında dağ çaylarında sel və daşqın riski, adətən, nisbətən aşağı olur. Fevral ayında temperaturun yüksəlməsi ilə risk müəyyən qədər arta, mart ayında isə qar əriməsi və yaz yağışlarının təsiri ilə daha da yüksələ bilər. Ən təhlükəli vəziyyət intensiv yağışların qəfil istiləşmə və sürətli qar əriməsi ilə üst-üstə düşdüyü zaman yaranır.
Bu səbəbdən dağ çaylarının yerləşdiyi ərazilərdə hava şəraitinin və hidroloji göstəricilərin mütəmadi izlənilməsi, əhalinin vaxtında məlumatlandırılması və qabaqlayıcı tədbirlərin görülməsi mühüm əhəmiyyət daşıyır.
İsrafil İsmayılov
Təbiət və Cəmiyyət İctimai Birliyinin sədri
![]()

