2 Noy 2026, Be

Tarixi İFŞA! Arxiv sənədləri açıldı – Osmanlı cəbhəsində baş verənlərin ŞOK DETALLARI

PAYLAŞIN:

Birinci Dünya müharibəsinin son ilində Osmanlı ordusunun Suriya-Fələstin cəbhəsində yaşadıqları İngiltərə kəşfiyyatının arxivlərinə əsaslanan akademik araşdırma ilə yenidən gündəmə gəlib. Müharibə əsirləri, agentlər və hadisələrin şahidlərinin ifadələrindən toplanan məxfi hesabatlarda türk və alman əsgərləri arasında baş verən qanlı toqquşmalar, aclıq içindəki Mehmetciyin dramı, alman zabitlərinə göstərilən imtiyazlar və Mustafa Kamal Paşanın alman komandirlərinə qarşı çıxması əks olunub.

Paraqraf.com xəbər verir ki, İngiltərə kəşfiyyatının 25 may 1918-ci il tarixli hesabatında Osmanlı dövlətinin müttəfiqi olan alman əsgərlərinin Şamda müsəlman qadınlarla pis rəftar etdiyi, türk əsgərləri ilə tez-tez mübahisə etdiyi və bir hadisə zamanı iki türk əsgərini süngüləyərək öldürdüyü iddia olunur.

İngiltərə arxivlərində yer alan başqa bir hadisədə isə tramvayda türk zabitinin baqajı üzərində oturan alman əsgərləri ilə başlayan mübahisənin silahlı qarşıdurmaya çevrildiyi, nəticədə iki alman zabitinin güllələndiyi bildirilir. Hadisədən sonra bir türk əsgərinin mühakimə olunaraq ölüm cəzasına məhkum edildiyi qeyd edilir.

Sənədlərdə Şamdakı almanlara qarşı baş verən hadisələr zamanı alman zabitlərinin öldürülməsi ilə bağlı müxtəlif şahid ifadələri də yer alır.

Araşdırma eyni cəbhədə vuruşan iki ordunun arxada, cəbhə xəttindən uzaqda yaşadığı gərginliyin ölümcül həddə çata bildiyini göstərir.

Arxiv sənədlərinin ən sarsıdıcı hissələrindən biri eyni cəbhədə vuruşan türk və alman əsgərlərinin yaşayış şəraiti arasındakı böyük fərqi ortaya qoyur.

İngiltərə kəşfiyyatına danışan müharibə əsirləri və fərarilərin sözlərinə görə, türk əsgərləri aclıq və susuzluqla mübarizə apararkən alman hərbi birlikləri daha yaxşı qidalanır və imtiyazlı nəqliyyat imkanlarından yararlanırdılar.

Bir ifadəyə görə, 40 nəfərlik yük vaqonlarına 60-70 türk əsgəri yerləşdirildiyi halda, iki alman əsgəri özləri üçün ayrılmış yük avtomobilinə türk əsgərlərini buraxmırdı.

Rayak dəmir yolu stansiyasında bir alman əsgərinin kupedə yer almaq istəyən türk minbaşını sinəsindən təpiklə vurması da İngiltərə hesabatlarında əks olunub.

Liman fon Sandersin xatirələri isə cəbhədəki yoxsulluğun miqyasını göstərir: Ayaqqabısı olmayan Mehmetcik ayaqlarına cır-cındır sarıyır, bəzi əsgərlər isə həlak olmuş ingilis və hind əsgərlərinin paltarlarını geyinmək məcburiyyətində qalırdılar.

Araşdırmanın diqqətçəkən məqamlarından biri də Mustafa Kamal Paşanın alman komandir Erich von Falkenhayna qarşı çıxmasıdır.

Mustafa Kamal Paşa 20 sentyabr 1917-ci il tarixli hesabatında Almaniyanın Osmanlı üzərindəki nüfuzundan narahatlığını ifadə edərək almanların müharibə şəraitindən istifadə edib Osmanlı dövlətini müstəmləkə vəziyyətinə salmasına qarşı olduğunu bildirib.

Falkenhaynın ərəb tayfaları ilə birbaşa əlaqə qurmasına və Almaniyanın maraqlarını ön plana çıxarmasına etiraz edən Mustafa Kamal Paşa sentyabrın 24-də təqdim etdiyi əlavə hesabatında alman komandirinə hərbi və siyasi baxımdan etibar etmədiyini qeyd edib.

Tələbləri nəzərə alınmadıqdan sonra VII Ordunun komandanlığından ayrılıb.

Sənədlər və həmin dövrə aid xatirələr Mustafa Kamal Paşanın hələ Milli Mübarizə başlamazdan illər əvvəl Osmanlı ordusundakı xarici nüfuza qarşı necə mübarizə apardığını göstərir.

1918-ci ilə aid İngiltərə kəşfiyyatının xülasələri Şamda yalnız əsgərlər arasında deyil, yerli əhali ilə alman hərbi birlikləri arasında da ciddi gərginlik yaşandığını ortaya qoyur.

Alman müharibə əsirlərindən birinin ifadəsinə görə, şəhərin divarlarına alman əsgərlərinin bölgədən çıxarılması üçün xalqı hərəkətə keçməyə çağıran plakatlar vurulub.

Almanların taxıl alışlarının buğdanın qiymətini artırdığına dair iddialar isə narazılığı daha da gücləndirib.

İngiltərə hesabatlarında almanlara qarşı baş verən hadisələr zamanı zabitlərin öldürüldüyü bildirilir. Hələbdə baş verən başqa bir hadisədə isə taxıl yüklü alman yük avtomobilinin daşlandığı, qaçmağa çalışan sürücünün altı və ya yeddi qadının ölümünə səbəb olduğu iddia edilir.

İngiltərə kəşfiyyatına çatan bu məlumatlar müharibənin son dövründə Osmanlı dövlətinin Suriyadakı hakimiyyətinin nə qədər ciddi təzyiq altında olduğunu göstərir.

İngiltərə arxivlərinə və həmin dövrün hərbi xatirələrinə əsaslanan araşdırmada Osmanlı ordusunun Fələstin cəbhəsindəki süqutu ilə bağlı diqqətçəkən rəqəmlər də yer alır.

Liman fon Sandersin 8 may 1918-ci il tarixli hesabatına görə, Yıldırım Ordular Qrupunda 13 min 552 alman əsgəri xidmət edirdi.

Lakin Osmanlı hərbi birlikləri aclıq, xəstəlik, geyim çatışmazlığı və fərarilik səbəbindən getdikcə zəifləyirdi.

Məlumata əsasən, təkcə VIII Orduda 15 avqust-14 sentyabr 1918-ci il tarixləri arasında təxminən 1100 əsgər cəbhənin arxa hissəsinə qaçıb.

İngilislərin sentyabrın 19-da başlatdığı böyük hücumdan sonra Osmanlı müdafiəsi çöküb. Araşdırmada təqdim olunan məlumatlara görə, sentyabrın 19-dan oktyabrın 26-dək ingilislərin əsir götürdüyü əsgərlərin sayı 75 minə çatıb.

Mudros barışıq sazişinin imzalanmasından bir gün sonra, 31 oktyabr 1918-ci ildə Liman fon Sanders Yıldırım Ordular Qrupunun komandanlığını Mustafa Kamal Paşaya təhvil verib.

Beləliklə, Osmanlının son böyük müharibəsində türk-alman hərbi əməkdaşlığı da sona çatıb.

Loading