2 Noy 2026, Be

Uşaqların akademik inkişafı və erkən yaş dövründə dərs yükünün təsiri

PAYLAŞIN:

Biz bilirik ki, uşaqlar kiçik yaş dövründən öyrənməyə meyilli olurlar. Biz bu potensialı düzgün dəyərləndirib onların gələcəyi üçün zəmin yaratmalıyıq.
Uşaqların akademik bacarıqlarının inkişafı 3–4 yaşdan başlayır. Bu yaşda uşaqları necə istiqamətləndirsək, o cür də davam edəcəklər. Bu yaşda uşaqlarımızın zəkası, təfəkkürü inkişaf edir. Onları bu dövrdə sərbəst şəkildə, yormamaq şərti ilə öyrətmək lazımdır.
Bu dövr LEGO, tanqram və pazl qurma dövrü də adlandırılır. Bu oyunlar məntiqi gücü artırır, əl-göz koordinasiyasını gücləndirir, kiçik motorik bacarıqları inkişaf etdirir. Bu isə məktəb dövründə intellektual bacarıqları aktivləşdirir. Riyazi bacarıqların daha yaxşı inkişafına kömək edir.
4–5 yaş dövrü
Bu yaşda uşaqlarımıza ilkin özünüifadəni və özünü təqdim etməyi öyrətməliyik. İlkin rəngləmə, heyvanları, meyvə-tərəvəzləri tanıma, 10 dairəsində sayma, 5 dairəsində rəqəmləri tanıma və miqdarı düzgün ifadə etmə bacarıqlarını formalaşdırmalıyıq. Rəngləməyi bacarmalıdırlar. Çünkü bu yaşda uşaqların barmaqları hələ tam sərbəst şəkildə qələm tutmağa alışmayıb. Biz uşaqlarımızı nə qədər çox rəngləmə ilə məşğul etsək, onların barmaqları bir o qədər inkişaf edər və bu bacarığı mənimsəyərlər.
5–6 yaş dövrü
Bu dövrdə uşaqların zəkası və təfəkkürü daha yüksək dərəcədə inkişaf etmiş olur. Onlar həyatı bütövlükdə anlayabilir, sərbəst sual verə və cavab verməyi bacarırlar. Akademik bacarıqları isə 10 dairəsində toplama və çıxmağı əhatə edir. A-dan Z-yə qədər hərfləri bilməli, ilkin heca qurmağı bacarmalı, rəngləri və əşyaları fərqləndirməyi öyrənməlidirlər.
Bu deyilənlər normal inkişaf yolu keçmiş uşaqlara aiddir.
Biz uşaqlarımızı həddindən artıq yükləsək, nə baş verə bilər?
Bəzi analar elə başa düşürlər ki, uşaq nə qədər çox öyrənsə, bir o qədər yaxşıdır. Gələcəkdə sinif əlaçısı olar, universitetə daxil olması daha asan olar. Ancaq bu, heç də belə deyil. Çünkü uşaqları nə qədər çox yorsaq, onları tükənmişliyə gətirib çıxara bilərik.
Uşaqlar kiçik yaşda proqramdan kənar biliklər öyrənməyə məcbur edilsələr, onların beyin gücü buna tab gətirə bilməyəcək. Onlar artıq bundan əvvəl öyrəndiklərinin 100 faizindən 40 faizini unuda bilərlər.
Biz çox zaman müşahidə edirik ki, 1-ci sinifdə əlaçı olan uşaq 5-ci sinifdə 4 qiymətini güclə ala bilir. Çünkü artıq uşaqlar o qədər bezib yorulurlar ki, psixoloji olaraq çökmə yaşayırlar. Eyni tempi və balansı saxlamağa aciz qalırlar. Nə qədər oxusalar da, öyrəndikləri yaddaşlarında qalmır. Çünkü kiçik yaşda həmin gücü sonuna qədər istifadə ediblər.
Bizim beynimizdə arxiv deyilən bir bölgə var. Zehnimiz məlumatı qəbul etməyəndə yaddaş onu arxivə atır. Arxivdə olan biliklər çox zaman geri qayıtmır. Uşaq böyüdükcə isə bu məlumatlar tamamilə silinir.
Bəzən isə bu yorğunluq əsəb və stress şəklində müşahidə edilir. Uşaqdakı yorğunluq əsəb yaradır, yaxşı qiymət ala bilməmək və valideynlərindən qorxmaq isə stress və narahatlıq yaradır.
Hər uşağın beyninin öyrənmə, sintez, analiz etmə gücü var. Biz uşaqlarımızı öz arzularımızın qurbanı etməyək. Onları başqalarının uşaqları ilə müqayisə edib yükləməyək. Olduqları kimi qəbul edək.
Bu gün düzgün qaydada öyrənən uşaq gələcəkdə yüksək nəticə göstərən bir gənc ola bilər. Onları düzgün yönləndirək ki, uşaqlıqda qoyulan düzgün sütun gəncliyin memarı ola bilsin.

Nuridə Allahverdiyeva
Pedaqoq

Loading