5 Noy 2026, Ca

Elxan Qəmbərovun yubileyi: Zəhmət, sədaqət və böyük hörmətlə yazılan ömür yolu

PAYLAŞIN:

İnsan ömrünün dəyəri yalnız yaşanan illərlə deyil, həmin illər ərzində görülən işlər, qazanılan uğurlar, cəmiyyətə verilən töhfələr və insanların yaddaşında formalaşan xoş təəssüratlarla ölçülür. Bu baxımdan, Azərbaycan Respublikası Auditorlar Palatasının şöbə müdiri, Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının üzvü Elxan Əziz oğlu Qəmbərovun həyat və fəaliyyət yolu zəhmətə, peşəkarlığa, dövlətçiliyə sədaqətə və yüksək insani keyfiyyətlərə əsaslanan nümunəvi ömür salnaməsidir.

1971-ci il noyabrın 4-də İrəvan şəhərində ziyalı müəllim ailəsində dünyaya göz açan Elxan Qəmbərov ilk həyat dərslərini elmə, təhsilə və mənəvi dəyərlərə xüsusi önəm verilən ailə mühitində alıb. Orta təhsilini Gəncə şəhərində başa vuran Elxan müəllimin şəxsiyyət kimi formalaşmasında aldığı tərbiyə, böyüdüyü mühit və zəhmətə bağlılıq mühüm rol oynayıb.

Onun həyat və fəaliyyətinin əlamətdar istiqamətlərindən biri də ictimai-siyasi proseslərdə fəal iştirakı ilə bağlıdır. Elxan Qəmbərov hələ 1992-ci ildən Yeni Azərbaycan Partiyasının sıralarına qoşularaq ölkəmizdə müstəqil dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, ümummilli lider Heydər Əliyevin siyasi ideyalarına sədaqət və ictimai fəallıq istiqamətində mövqeyini ortaya qoyub.

Peşəkar fəaliyyətində isə Elxan müəllim uzun illərdir Azərbaycan Respublikası Auditorlar Palatasında məsul vəzifə daşıyır. Hazırda Dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin müdiri kimi fəaliyyət göstərən Elxan Qəmbərov audit sahəsində şəffaflığın, məsuliyyətin və institusional əməkdaşlığın inkişafına töhfə verir.

Onun fəaliyyətində peşəkarlıqla yanaşı, prinsipiallıq, məsuliyyət hissi, analitik düşüncə və insanlarla səmimi münasibət xüsusi yer tutur. Həmkarları arasında qazandığı hörmət və etimad da məhz uzun illər ərzində formalaşmış bu keyfiyyətlərin nəticəsidir.

Elxan Qəmbərovun ictimai fəaliyyəti yalnız peşəkar fəaliyyəti ilə məhdudlaşmır. Onun Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının üzvü kimi fəaliyyəti də ictimai məsuliyyətə və təşkilati işlərə verdiyi önəmin göstəricisidir.

Bu gün Elxan Əziz oğlu Qəmbərov 55 illik yubileyini qeyd edir. Bu əlamətdar tarix geridə qalan illərin zəhmətinə, əldə olunan nailiyyətlərə və qazanılmış hörmətə nəzər salmaqla yanaşı, qarşıda duran yeni hədəflərə inamla baxmaq üçün də gözəl fürsətdir.

Hörmətli Elxan müəllim!
Sizi yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirik! Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, firavanlıq və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Arzu edirik ki, həyatınızın bundan sonrakı illəri də sevinc, xoş xəbərlər, yeni nailiyyətlər və doğmalarınızın əhatəsində keçən xoş günlərlə zəngin olsun. İllərin qazandırdığı müdriklik, zəhmətinizin bəhrəsi və insanların Sizə göstərdiyi hörmət daim yol yoldaşınız olsun.

Turkan Səfərova

Loading