20 Sen 2026, Bz

Zəngəzur yolu: Azərbaycanın yeni nəqliyyat xəritəsi

PAYLAŞIN:

Bəzi yollar var ki, onların başlanğıcı xəritədə, sonu isə tarixdə görünür. Həmin yol illərin həsrətini, ayrılığın ağrısını və gələcəyə olan inamı da özü ilə aparır. Zəngəzur yolu…

Bu yol bizim üçün sadəcə nəqliyyat layihəsi deyil. Bu yol Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək, illərdir ayrı düşmüş coğrafiyanı yenidən bir-birinə bağlayacaq mühüm bir bağlantıdır. Mən Naxçıvanda yaşasam da, əslən Naxçıvanlı deyiləm, bakılıyam. Amma bu torpaqda yaşayan bir vətəndaş kimi Naxçıvanın Azərbaycanla, paytaxt Bakı ilə daha sıx və rahat əlaqəyə qovuşacağı xəbəri məni çox sevindirir. Çünki artıq Bakı ilə Naxçıvan arasında əlaqə yalnız hava yolu ilə məhdudlaşmayacaq. Yeni reallıqlar fonunda gediş-gəliş asanlaşacaq, insanlar, ailələr, iş dünyası və iqtisadi əlaqələr üçün yeni imkanlar yaranacaq. Bunlarla yanaşı, bu yol Azərbaycanı daha böyük bir nəqliyyat və ticarət şəbəkəsinin mərkəzində möhkəmləndirəcək strateji istiqamətdir.

Naxçıvan Azərbaycanın gözüdür, lakin illərlə Azərbaycanla quru əlaqəsi olmayıb. Bu əlaqənin təmin olunması isə təkcə iqtisadi məsələ deyil, həm də milli əhəmiyyət daşıyan bir hədəfdir. Bu baxımdan Zəngəzur dəhlizinin reallaşması Naxçıvanın gələcəyi üçün yeni səhifənin açılması deməkdir.

Bu gün həmin səhifə artıq yalnız planlardan ibarət deyil. Azərbaycanın müxtəlif ərazilərində yol və dəmir yolu layihələri həyata keçirilir. Horadiz–Ağbənd istiqamətində avtomobil və dəmir yollarının inşası sürətlə davam etdirilir. Naxçıvana sonuncu səfəri zamanı Prezident İlham Əliyev avtomobil yolunun tamamlanmaq üzrə olduğunu, dəmir yolu layihəsində isə işlərin davam etdiyini bildirib. Naxçıvanın dəmir yolu infrastrukturunun yenilənməsi də bu böyük prosesin tərkib hissəsidir.

Bu yolun hər kilometri Azərbaycanın gələcəyə hesablanmış nəqliyyat siyasətinin bir hissəsidir.

Azərbaycan son illərdə özünü regionun mühüm nəqliyyat qovşaqlarından birinə çevirmək üçün böyük layihələr həyata keçirib. Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Limanı, Ələt ərazisində yaradılan logistika imkanları, işğaldan azad edilmiş ərazilərdə inşa olunan yeni avtomobil və dəmir yolları bu strategiyanın ayrı-ayrı hissələridir.

Zəngəzur istiqaməti isə həmin böyük yol xəritəsinin Naxçıvana açılan qapısıdır.

Bu qapının açılması Naxçıvana yalnız rahat gediş-gəliş gətirməyəcək. Naxçıvanın tranzit imkanları genişlənəcək, yükdaşımaların artması üçün şərait yaranacaq, logistika və xidmət sahələrinin inkişafına yeni imkanlar açılacaq.

Bu gün Naxçıvanın nəqliyyat potensialından danışarkən qarşıdakı hədəflərin miqyası xüsusilə diqqət çəkir. Prezident İlham Əliyevin açıqlamalarına əsasən, Zəngəzur istiqamətində perspektiv yükdaşıma imkanlarının illik ən azı 15 milyon tona çatdırılması nəzərdə tutulur. Bu isə Naxçıvanın regional nəqliyyat sistemindəki rolunun nə qədər böyük ola biləcəyini göstərir.

Amma bu yolun hekayəsi Naxçıvanda bitmir.

Onun bir ucu Mərkəzi Asiyaya, digər ucu Avropaya uzanan böyük bir nəqliyyat xəritəsinə bağlanır.

Bu gün Çin və Mərkəzi Asiya ölkələrindən Avropaya uzanan Orta Dəhlizin əhəmiyyəti getdikcə artır. Xəzər dənizi üzərindən Azərbaycan ərazisinə daxil olan yüklər buradan Gürcüstan, Türkiyə və Avropa istiqamətində hərəkət edə bilir. Azərbaycanın bu marşrutdakı mövqeyi ölkəmizə böyük tranzit imkanları qazandırır.

Rəsmi məlumatlara görə, son üç ildə Orta Dəhliz vasitəsilə Azərbaycanın ərazisindən daşınan yüklərin həcmi 90 faiz artıb. Ələt Beynəlxalq Limanının yükaşırma qabiliyyətinin gələcəkdə 25 milyon tona çatdırılması da bu nəqliyyat strategiyasının miqyasını göstərir.

Belə bir xəritədə Zəngəzur dəhlizi Azərbaycanın nəqliyyat imkanlarını daha da genişləndirə bilər. Mərkəzi Asiyanın zəngin resursları və məhsulları Azərbaycan üzərindən Avropa bazarlarına, digər istiqamətdə isə Naxçıvan və İran vasitəsilə cənub bazarlarına çıxış əldə edə bilər.

Bu, Azərbaycanın coğrafi mövqeyinin verdiyi üstünlüyün real iqtisadi imkanlara çevrilməsi deməkdir.

Ancaq bizim üçün bu yolun ən böyük mənası rəqəmlərdə ölçülmür.

Bu yolun bir tərəfində Şərqi Zəngəzur dayanır. İllərlə həsrətini çəkdiyimiz Qarabağ…

İllərlə həsrətində olduğumuz torpaqların azadlığı uğrunda mübarizənin yaratdığı yeni reallıq dayanır. Digər tərəfində isə Naxçıvan var – Azərbaycanın ayrılmaz parçası, qədim və əzəli torpağı.

Bu gün həmin iki coğrafiyanın arasında yeni bir yol salınır.

Bu yol həm də Azərbaycanın öz torpaqları arasında bağlantını daha da möhkəmləndirmək iradəsinin ifadəsidir.

Bu gün yol çəkilir.

Və bu yolun üzərində təkcə yük qatarları hərəkət etməyəcək. Buradan yeni ticarət əlaqələri, yeni iqtisadi imkanlar, yeni əməkdaşlıqlar keçəcək. Naxçıvanın iqtisadi həyatına yeni nəfəs gələcək, Azərbaycan isə Şərqlə Qərbi birləşdirən nəqliyyat xəritəsində mövqeyini daha da gücləndirəcək.

Bir vaxtlar ayrılığın simvoluna çevrilən coğrafiyalar indi əlaqələrin ünvanına çevrilə bilər.

Ona görə də Zəngəzur yolu haqqında danışarkən yalnız kilometrlərdən danışmaq azdır. Burada söhbət bir xalqın iradəsindən, bir dövlətin quruculuq gücündən və gələcəyə baxışından gedir.

Bu yol da bizi tarixə, sabaha və böyük hədəflərə aparacaq. Çünki o yol bizim yolumuz olub! Lap əzəldən!

Altunay İskəndərli

Paraqraf.com

Loading