19 Sen 2026, Şb

Okay Memiş İlham Əliyevlə görüşdə qırmızı maşınla yardım gətirən azərbaycanlıdan danışdı

PAYLAŞIN:

Türkiyə Respublikası Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memiş Prezident İlham Əliyevin qəbulunda olarkən 2023-cü il fevralın 6-da baş verən Qəhrəmanmaraş zəlzələsi zamanı Azərbaycanın göstərdiyi qardaşlıq dəstəyindən danışıb.

Paraqraf.com xəbər verir ki, Türkiyəli rəsmi həmin günlərdə köhnə qırmızı avtomobili ilə yardım daşıyan azərbaycanlını xüsusi xatırladıb.

“Cənab Prezident, biz 2023-cü il fevralın 6-da, demək olar ki, kiçik bir qiyamət yaşadıq. Bütün dünya, Allah razı olsun, kömək üçün səfərbər oldu. Bu masa ətrafında olan qardaşlarımız, hətta azərbaycanlı bir qardaşımız qırmızı avtomobili ilə gəlmişdi”, – Okay Memiş deyib.

Prezident İlham Əliyev onun sözlərinə reaksiya verərək həmin duyğulu mənzərəni belə xatırladıb:

“Köhnə bir avtomobillə yorğan-döşək — əlində nə var idi, onu gətirmişdi”.

Söhbət Laçın rayonundan olan keçmiş məcburi köçkün Sərvər Bəşirlidən gedir.

Qəhrəmanmaraş zəlzələsindən sonra Sərvər Bəşirli və ailəsi evlərində olan yorğan-döşəyi və digər əşyaları köhnə, qırmızı rəngli “VAZ-2107” avtomobilinə yükləyərək yardım toplama məntəqəsinə aparmışdı. Həmin an təsadüfən lentə alınaraq sosial şəbəkələrdə paylaşılmışdı.

Qısa müddətdə bütün Türkiyəyə yayılan bu görüntü Azərbaycan xalqının qardaş ölkəyə münasibətinin və səmimi həmrəyliyinin rəmzinə çevrilmişdi. Sərvər Bəşirli bundan sonra həm Azərbaycanda, həm də Türkiyədə geniş tanındı.

550f5391-5ea5-41a2-bf15-a584b9f06bf9.jpg (238 KB)

O, sonralar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdü, Əminə Ərdoğanın təşkil etdiyi tədbirə dəvət olundu. Türkiyəli iş adamı Sebahattin Civelek isə bu nəcib davranışına görə Sərvər Bəşirliyə “Toyota” markalı yeni avtomobil hədiyyə etdi.

Okay Memiş həmin həmrəyliyin Türkiyədə heç vaxt unudulmayacağını vurğulayıb:

“Bu, inanılmaz hadisədir. Əlbəttə, bizim unuda biləcəyimiz bir hadisə deyil”.

Türkiyəli rəsmi zəlzələnin yaratdığı dağıntıların miqyasından və aparılan bərpa işlərindən də danışıb. Onun sözlərinə görə, fevralın 6-da təxminən 2 min atom bombasının gücünə bərabər enerji meydana çıxsa da, Türkiyə dostlarının dəstəyi və böyük türk millətinin səyləri ilə 550 min evi istifadəyə verib.

Okay Memiş Qəhrəmanmaraşda inşa edilən Azərbaycan məhəlləsini də iki qardaş ölkə arasındakı həmrəyliyin ən konkret nümunələrindən biri adlandırıb.

Beləliklə, üç ildən sonra Sərvər Bəşirlinin köhnə qırmızı avtomobili ilə daşıdığı yorğan-döşək yenidən ən yüksək səviyyədə xatırlandı. O avtomobil həmin gün sadəcə yardım daşımırdı — Azərbaycan xalqının Türkiyəyə sevgisini aparırdı.

Loading