“Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik tarixində ən şanlı səhifələrdən biridir. Bu tarix təkcə ərazi bütövlüyümüzün bərpa olunduğu gün deyil, həm də xalqımızın milli iradəsinin, birliyinin, dövlətçilik əzminin və yenilməz ruhunun təntənəsidir. Otuz il ərzində xalqımızın qəlbində yaşayan ən böyük arzu, uğrunda mübarizə apardığımız müqəddəs amal gerçəkləşdi. Azərbaycan xalqı öz torpaqlarını azad etdi, məğlubiyyət sindromunu arxada qoyaraq qalib xalq olduğunu bütün dünyaya nümayiş etdirdi”.Bu fikirləri Azərbaycan Parlamentinin təmsilçisi Azər Badamov səsləndirib.
Onun sözlərinə görə, həmin günləri xatırlayanda bir daha görürük ki, Vətən müharibəsi dövründə xalqımız necə böyük həmrəylik nümayiş etdirdi: “Cəbhədə əsgər və zabitlərimiz döyüşür, arxa cəbhədə hər bir vətəndaş öz imkanları daxilində bu mübarizəyə töhfə verirdi. İnsanlarımız bir yumruq kimi birləşmişdi. Bu birlik, bu həmrəylik Azərbaycan xalqının ən böyük mənəvi gücünə çevrilmişdi. Məhz həmin milli birlik Dəmir yumruğun gücünü daha da artırdı. Lakin bu tarixi Zəfər təsadüfən qazanılmadı. Onun arxasında uzun illər ərzində həyata keçirilmiş məqsədyönlü siyasət, iqtisadi inkişaf, güclü dövlət quruculuğu, ordu quruculuğu, diplomatik mübarizə və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi dayanırdı. Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqelərini möhkəmləndirdi, Ermənistanın işğalçılıq siyasətini dünya ictimaiyyətinin diqqətinə çatdırdı, müasir və qüdrətli ordu formalaşdırdı. Bütün bunlar tarixi qələbəmizin möhkəm təməlini yaratdı.
Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, uzaqgörən strategiyası və ordumuzun qəhrəmanlığı nəticəsində Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazandı. Bu qələbə yalnız hərbi uğur deyildi. Bu, həm də beynəlxalq hüququn, tarixi ədalətin və milli ləyaqətin bərpası idi”.
Müsahibimiz dedi ki, zəfərimizin əsl miqyası yalnız azad edilmiş torpaqlarımızda aparılan quruculuq işlərinə nəzər saldıqda daha aydın görünür: “Çünki Azərbaycan müharibədə qalib gəldikdən sonra qarşısına daha böyük vəzifə qoydu: dağıdılmış şəhər və kəndləri yenidən qurmaq, doğma yurdlarından didərgin düşmüş soydaşlarımızı öz torpaqlarına qaytarmaq, həmin əraziləri ölkənin ən müasir inkişaf məkanlarından birinə çevirmək. Bu gün işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri Azərbaycanın qurucu dövlət olduğunu nümayiş etdirir. Otuz ilə yaxın işğal dövründə erməni vandallığının nəticəsi olaraq dağıdılmış şəhərlər, kəndlər, tarixi və dini abidələr, infrastrukturlar yenidən bərpa olunur. Yeni yollar, tunellər, körpülər, hava limanları, elektrik stansiyaları, su və kommunikasiya xətləri inşa edilir. Müasir yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, sosial və mədəni obyektlər istifadəyə verilir. Qarabağ və Şərqi Zəngəzur yenidən Azərbaycanın iqtisadi, sosial və mədəni həyatına qovuşur. Bu möhtəşəm quruculuq prosesinin mərkəzində isə Prezident İlham Əliyevin siyasi iradəsi və birbaşa diqqəti dayanır. Dövlət başçımızın işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərləri, hər bir layihənin gedişi ilə yerində tanış olması, yeni obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirakı bu məsələnin dövlət siyasətində nə qədər mühüm yer tutduğunu göstərir”.
Deputat qeyd edir ki, Prezident İlham Əliyev azad edilmiş ərazilərə hər səfəri ilə yalnız görülən işlərlə tanış olmur, həm də gələcək inkişafın istiqamətlərini müəyyənləşdirir, qarşıya yeni vəzifələr qoyur: “Onun Qarabağ və Şərqi Zəngəzura səfərləri dövlətin bu torpaqlara sahib çıxmasının, onların bərpasını prioritet hesab etməsinin və Böyük Qayıdış prosesini ardıcıl şəkildə həyata keçirməsinin bariz nümunəsidir. Xüsusilə diqqətəlayiq məqam ondan ibarətdir ki, Prezidentin azad edilmiş ərazilərə səfərləri rəmzi xarakter daşımır. Hər səfər konkret layihələrin icrası, yeni infrastrukturun istifadəyə verilməsi, yaşayış məntəqələrinin dirçəldilməsi və insanların doğma yurdlarına qayıdışı ilə müşayiət olunur. Dövlət başçımızın bir vaxtlar xarabalığa çevrilmiş şəhər və kəndlərdə yeni evlərin açarlarını sakinlərə təqdim etməsi, onların sevincinə şərik olması Zəfərin ən təsirli mənəvi mənzərələrindən biridir. Cəbrayıl rayonunun Soltanlı və Cahangirbəyli kəndlərinin yenidən qurularaq sakinlərinə qovuşması da həmin siyasətin davamıdır. Bir vaxtlar düşmən tapdağında olan, dağıdılmış və yaşayış üçün yararsız vəziyyətə salınmış kəndlərdə bu gün yeni evlər tikilir, sosial infrastruktur yaradılır, həyat yenidən canlanır. Dövlət başçımızın bu kəndlərə səfəri, açılışlarda iştirakı və sakinlərə evlərinin açarlarını təqdim etməsi Böyük Qayıdışın yalnız plan və vəd deyil, real nəticələr verən dövlət proqramı olduğunu göstərir. Burada xüsusi qeyd etmək lazımdır ki, Böyük Qayıdış sadəcə insanların əvvəlki yaşayış yerlərinə köçürülməsi prosesi deyil. Bu, bütöv bir regionun yenidən həyata qaytarılması, iqtisadi potensialının bərpası, yeni iş yerlərinin yaradılması, sosial rifahın yüksəldilməsi və müasir yaşayış mühitinin formalaşdırılmasıdır. Dövlət başçımızın qarşıya qoyduğu məqsəd Qarabağ və Şərqi Zəngəzuru yalnız yaşayış üçün əlverişli deyil, həm də inkişaf, investisiya, turizm, kənd təsərrüfatı və sənaye baxımından cəlbedici regiona çevirməkdir”.
Müsahibimi dedi ki, Prezident İlham Əliyevin azad edilmiş ərazilərdə yaratdığı yeni inkişaf modeli həm də gələcək nəsillər üçün mühüm əhəmiyyət daşıyır: “Burada müasir şəhərsalma prinsipləri, ağıllı şəhər və ağıllı kənd konsepsiyaları, yaşıl enerji texnologiyaları tətbiq olunur. Qarabağ və Şərqi Zəngəzur ölkəmizin yaşıl enerji zonasına çevrilməsi istiqamətində mühüm layihələrin həyata keçirildiyi ərazilərdir. Beləliklə, Azərbaycan dağıdılmış torpaqları yenidən qurmaqla kifayətlənmir, həmin ərazilərdə gələcəyin müasir yaşayış və iqtisadi inkişaf modelini formalaşdırır. Bu quruculuq prosesinin başqa bir mühüm tərəfi də var. Azərbaycan öz Zəfərini yalnız hərbi qələbə ilə məhdudlaşdırmır. Biz əldə etdiyimiz tarixi nəticələri siyasi və diplomatik müstəvidə möhkəmləndirməyə, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına çalışırıq. Müharibədən sonra sülh gündəliyinin irəli sürülməsi Azərbaycanın regionun gələcəyinə məsuliyyətlə yanaşdığını göstərir. Məqsədimiz yalnız keçmişin yaralarını sağaltmaq deyil, gələcək nəsillərin təhlükəsiz və sabit şəraitdə yaşamasını təmin etməkdir. Bütün bunlar onu göstərir ki, Zəfərdən sonrakı dövr Azərbaycan üçün yeni inkişaf mərhələsinin başlanğıcıdır. Biz artıq yalnız öz torpaqlarını azad etmiş xalq deyil, həmin torpaqlarda həyatı yenidən quran, şəhərlər salan, kəndləri dirçəldən, gələcəyə inamla baxan qalib xalqıq. Mən hesab edirəm ki, Zəfər Gününün ən böyük mənalarından biri də məhz budur: Azərbaycan öz gücünü həm döyüş meydanında, həm diplomatik müstəvidə, həm də quruculuq sahəsində nümayiş etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu proses dövlətimizin qüdrətini, xalqımızın iradəsini və milli həmrəyliyimizi əks etdirir.
Biz yaradıcı və qurucu xalqıq. Bizim amalımız yalnız qalib gəlmək deyil, həm də qazandığımız qələbəni möhkəmləndirmək, ölkəmizi daha da inkişaf etdirmək, regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verməkdir. Vətənə bağlılığımız, torpaqlarımıza sahiblik duyğumuz, milli birliyimiz və dövlətçilik iradəmiz Azərbaycanın gələcək uğurlarının əsas təminatıdır. Bu gün azad Qarabağda dalğalanan üçrəngli bayrağımız, doğma yurdlarına qayıdan insanların sevinc göz yaşları, yenidən qurulan şəhər və kəndlərimiz Zəfərimizin əbədiliyinin ən gözəl ifadəsidir”.
![]()

