Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın hərbi-sənaye kompleksinə daxil olan strateji obyektə raket zərbəsi endirildiyini rəsmən təsdiqləyib.
Paraqraf.com xəbər verir ki, Ukrayna tərəfinin yaydığı rəsmi məlumata əsasən, noyabrın 7-nə keçən gecə Ukrayna raket qoşunları “Neptun” sahil raket kompleksləri ilə Rusiyanın Oryol vilayətində yerləşən “Proton-Elektroteks” ASC hərbi müəssisəsini hədəf alıb. Əməliyyat nəticəsində raketlərin hədəfə dəqiq dəydiyi, zavodun ərazisində güclü yanğın və dalbadal partlayışların baş verdiyi bildirilir. Dəymiş ziyanın miqyası dəqiqləşdirilir.
Məlumatda vurğulanır ki, “Proton” zavodu Rusiya hərbi sənayesi üçün mühüm əhəmiyyət kəsb edir; müəssisə “Kover” qanadlı aviasiya raketləri və “İsgəndər-M” kompleksinin 9M723 balistik raketləri üçün optoelektronik avadanlıqlar və vacib komplektləşdirici hissələr istehsal edir.
Ukraynanın öz istehsalı olan “Neptun” raketlərinin mənzilini və dəqiqliyini artıraraq Rusiyanın dərinliklərindəki hərbi-sənaye obyektlərinə qarşı getdikcə daha tez-tez tətbiq etdiyini diqqətə çatdırırlar. Sərhəddən yüzlərlə kilometr aralıda yerləşən Oryol vilayətindəki bu strateji zavodun sıradan çıxarılması Rusiyanın dəqiq idarəolunan raket istehsalı zəncirinə ciddi zərbə kimi qiymətləndirilir.
Paraqraf.com
![]()

