SITA: Rəqəmsallaşma səhv idarə olunan baqajların sayını 23 faiz azaldıb
Cenevrə, 29 iyun 2026 – Dünyada hava nəqliyyatına tələbat rekord səviyyəyə çatsa da, rəqəmsal texnologiyaların tətbiqi nəticəsində itən və ya gecikən baqajların sayı əhəmiyyətli dərəcədə azalıb. SITA-nın “Baggage IT Insights 2026” hesabatına əsasən, 2025-ci ildə səhv idarə olunan baqajların sayı 23 faiz azalaraq pandemiyadan əvvəlki göstəricidən də aşağı düşüb.
2024-cü ildə qlobal sərnişin sayı 4,8 milyard olduğu halda, 2025-ci ildə bu rəqəm 5 milyarda yüksəlib. Buna baxmayaraq, hər 1000 sərnişinə düşən problemli baqaj sayı 4,9-a enib, ümumi səhv idarə olunan baqajların sayı isə 24 milyona qədər azalıb.
Bununla belə, problem tam aradan qalxmayıb. Baqajların itməsi və ya gecikməsi aviasiya sektoruna hər il təxminən 6,3 milyard dollar zərər vurur ki, bu da qlobal aviasiya sənayesinin ümumi xalis mənfəətinin təxminən 15 faizinə bərabərdir.
Eyni zamanda, bir səhv idarə olunan baqajın aviaşirkətə başa gələn orta xərci də artıb. Əvvəllər təxminən 150 dollar olan bu göstərici hazırda 260 dollara çatıb.
Hesabat göstərir ki, hətta bir baqaj problemi belə ciddi maliyyə itkisinə səbəb olur. Hazırda aviaşirkətlərin bir sərnişindən əldə etdiyi orta xalis mənfəət cəmi 8 dollardır. Bu isə o deməkdir ki, bir baqajın itməsi 30-dan çox satılmış biletin qazancını silə, cəmi beş belə hadisə isə bir reysin mənfəətini tamamilə aradan qaldıra bilər.
2025-ci ildə əldə olunan müsbət nəticələr bir neçə texnologiyanın birgə tətbiqi sayəsində mümkün olub. Real vaxt rejimində məlumat mübadiləsi, süni intellekt əsaslı marşrutlaşdırma, biometrik baqaj qəbulu və sərnişinlərin mobil cihazlarının sistemə inteqrasiyası bu sahədə əsas rol oynayıb.
SITA-nın Baqaj Departamentinin rəhbəri Nikol Hoqq bildirib ki, baqajın idarə olunması artıq yalnız logistika məsələsi deyil. Onun sözlərinə görə, sərnişinlər baqajlarının yerini hər an izləmək istəyir və növbəti mərhələ bu texnologiyaların bütün hava limanlarında geniş tətbiqidir.
Texnologiyanın praktik nəticələri artıq özünü göstərir. Apple-ın Find My xidmətinin SITA WorldTracer sisteminə inteqrasiyası tamamilə itən baqajların sayını 90 faiz azaldıb, gecikən baqajların sahibinə çatdırılma müddətini isə 26 faiz qısaldıb. SITA eyni zamanda Google-un yer təyini funksiyasını da sistemə inteqrasiya edib.
Bundan başqa, Thai Airways SITA-nın avtomatlaşdırılmış həllərindən istifadə edərək doqquz hava limanında baqajın yenidən qeydiyyatı prosesini 3 dəqiqədən cəmi 1 saniyəyə endirib.
SITA-nın baş icraçı direktoru Devid Lavorel bildirib ki, hava limanlarının problemləri yalnız yeni terminallar tikməklə həll olunmur. Onun sözlərinə görə, data analitikası, süni intellekt və proqnozlaşdırılan əməliyyatlar mövcud infrastrukturdan daha səmərəli istifadə etməyə imkan verir.
Hesabatda qeyd olunur ki, baqajla bağlı xərclərin 70 faizi gecikmə və çatdırılma əməliyyatlarının payına düşür. Tamamilə itən və ya zədələnən baqajlarda isə əsas xərc kompensasiya ödənişləri ilə bağlıdır. Ən çox problem transfer uçuşlarında qeydə alınır və bütün baqaj səhvlərinin 39 faizi tranzit mərhələsində baş verir.
Sektorun əsas hədəfi isə tam rəqəmsallaşmadır. Hazırda hər dörd aviaşirkətdən üçü yaxın iki il ərzində süni intellektə investisiya yatırmağı planlaşdırır. IATA-nın 753 saylı qətnaməsi çərçivəsində baqajın mərhələli izlənməsi sistemi artıq 50 faizdən çox tətbiq olunub və 2027-ci ilədək tam tətbiqi nəzərdə tutulur.
Gələcəkdə isə evdə baqajın etiketlənməsi, avtomobildən birbaşa təhvil verilməsi və sərnişindən ayrı reyslə daşınsa belə vaxtında çatdırılması kimi yeniliklərin geniş tətbiqi gözlənilir.
Mədinə İlham
Paraqraf.com
![]()