Ermənistanda keçirilən parlament seçkilərindən sonra ölkənin Rusiya ilə münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyi maraq doğurur.
Rusiya tərəfi əvvəlcə seçkinin rəsmi nəticələrinin açıqlanmasını gözlədiyini bəyan etsə də, artıq ilk reaksiyalar səsləndirilib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Ermənistanda keçirilən parlament seçkiləri müxalifətə qarşı görünməmiş təzyiqlər və Qərbin müdaxiləsi fonunda baş tutub.
“Seçkilər hakimiyyət tərəfindən müxalifətə görünməmiş təzyiqlərlə müşayiət olunub”, – deyən Zaxarova əlavə edib ki, prosesə Qərbin misli görünməmiş müdaxiləsi müşahidə edilib.
Politoloq Əziz Əliyev məsələ ilə bağlı “Paraqraf.com”a açıqlamasında bildirib ki, belə bəyanatların verilməsi gözlənilən idi:

“Rusiya Ermənistanda kifayət qədər ciddi təsir mexanizmlərinə malikdir. Bununla belə, Moskva seçki prosesinə birbaşa təsir imkanlarına malik olsa da, bu addımdan çəkinib. Proses göstərir ki, seçkiyə açıq müdaxilə Rusiyanın beynəlxalq imicinə ciddi zərbə vura bilər. Hazırkı mərhələdə Rusiya daha çox seçkinin nəticələri üzərindən siyasət yürütməyə üstünlük verir. Eyni zamanda, Ermənistan iqtisadiyyatında Rusiyanın təsiri və dominant mövqeyi hələ də kifayət qədər böyük olaraq qalır”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()