Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/13 Fevral – Milli ruhun səsi Bəxtiyar Vahabzadənin anım günü
CƏMİYYƏTMANŞET

13 Fevral – Milli ruhun səsi Bəxtiyar Vahabzadənin anım günü

13 Fevral 2026 3 Min Read
PAYLAŞIN:

Fevralın 13-ü Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalqımızın böyük şairi Bəxtiyar Vahabzadə-nin anım günüdür. Onun adı çəkiləndə təkcə poetik istedad yox, milli düşüncə, vətəndaş cəsarəti və mənəvi bütövlük yada düşür. Bəxtiyar Vahabzadə Azərbaycan poeziyasında yalnız söz ustadı kimi deyil, həm də ictimai vicdanın səsi kimi tarixləşmişdir.

Bəzən sual olunur: Bəxtiyar Vahabzadəni böyük edən nədir? Onun poetik qüdrəti, yoxsa milli mövqeyi? Əslində bu iki xətt onun yaradıcılığında bir-birindən ayrılmazdır. “Gülüstan”, “Ana dili”, “Vətən”, “Latın dili” kimi əsərləri sadəcə ədəbi fakt deyil, milli özünüdərkin bədii ifadəsidir. Xüsusilə “Gülüstan” poemasının taleyi göstərdi ki, şair üçün poeziya estetik zövq predmeti deyil, xalqın taleyi ilə bağlı məsuliyyət idi. Universitetdə pedaqoji fəaliyyətindən uzaqlaşdırılması belə onu yolundan döndərə bilmədi; əksinə, tələbə gənclik arasında nüfuzunu daha da artırdı.

Onu yaxından tanıyanlar yaxşı bilirlər ki, Bəxtiyar müəllim sözün həqiqi mənasında əməldə vətənpərvər idi. 1986-cı ildə ali məktəblərə qəbul zamanı Azərbaycan bölməsinə sənəd verən bütün abituriyentlər üçün rus dilindən məcburi yazılı imtahanın tətbiqi barədə göstəriş verilmişdi. Bu qərar xüsusilə rayon məktəblərində oxuyan gənclər üçün ciddi çətinlik yaradırdı. Məhz həmin məqamda Bəxtiyar Vahabzadə məsələni açıq şəkildə qaldırdı və yüksək tribunalardan milli ləyaqəti müdafiə edən kəskin çıxış etdi. Onun prinsipial mövqeyi nəticəsində qərara yenidən baxıldı və qısa müddət sonra rus dili imtahanı ləğv olundu. Bu hadisə bir daha göstərdi ki, o, təkcə şeirlərində deyil, real həyatda da ana dilinin keşiyində dayanırdı.

Dil məsələsi onun yaradıcılığının və ictimai fəaliyyətinin mərkəzində idi. O, XIX əsr rus pedaqoqu Dmitri Uşinski-nin ana dili haqqında məşhur fikirlərini xüsusi ehtiramla xatırladırdı. Uşinskinin “bir millətin ana dili əlindən alınsa, o millət məhv olar” düşüncəsi Bəxtiyar müəllimin dünyagörüşü ilə səsləşirdi. Çünki o da inanırdı ki, dil yalnız ünsiyyət vasitəsi deyil, xalqın ruhudur.

1989–1990-cı illərin mürəkkəb ictimai-siyasi şəraitində də Bəxtiyar Vahabzadə ön sırada idi. Dövlət idarələrində və təhsil müəssisələrində kargüzarlığın Azərbaycan dilinə keçirilməsi məqsədilə yaradılmış komissiyaya rəhbərlik etməsi təsadüfi deyildi. Onun tələbkarlığı və prinsipiallığı nəticəsində sənədləşmənin milli dildə aparılması istiqamətində ciddi addımlar atıldı. Bu, müstəqil dövlətçilik düşüncəsinin formalaşmasında mühüm mərhələ idi.

1990-cı illərin sonlarında təhsil sahəsində aparılan islahatlar zamanı da onun mövqeyi xüsusi əhəmiyyət daşıyırdı. Təhsilin milliləşdirilməsi, ana dilinin tədrisdə prioritet mövqeyinin təmin olunması istiqamətində söylədiyi fikirlər və çıxışları geniş rezonans doğururdu. Onun BDU-da keçirilən kollegiya iclasında səsləndirdiyi şeir parçası yalnız emosional çağırış deyil, milli kimliyə sədaqət andı idi.

Bəxtiyar Vahabzadə həm də siyasi baxışları ilə prinsipial mövqe nümayiş etdirmişdir. 1993-cü ilin taleyüklü günlərində ölkənin gələcəyi ilə bağlı açıq və məsuliyyətli çıxışlar etmiş, dövlətçiliyin qorunmasını hər şeydən üstün tutmuşdur. Bu, onun vətəndaşlıq mövqeyinin davamlı və ardıcıl olduğunu göstərirdi.

Onun irsi artıq yalnız Azərbaycan ədəbiyyatının sərvəti deyil. 2020-ci il dekabrın 10-da Bakıda keçirilən Zəfər Paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan-ın Bəxtiyar Vahabzadənin misralarını səsləndirməsi şairin sözünün bütün türk dünyasında necə dərin iz buraxdığını bir daha nümayiş etdirdi. Bu, ədəbiyyatın sərhəd tanımadığının, böyük sözün zaman və məkan fövqündə yaşadığının təsdiqi idi.

Bəxtiyar Vahabzadəni sevmək üçün bir səbəb axtarmağa ehtiyac yoxdur. Onun şəxsiyyətində milli düşüncə, ictimai vicdan, elmi təfəkkür, poeziya və vətəndaş cəsarəti vəhdət təşkil edirdi. O, Azərbaycan dilini təkcə qorumağı deyil, onu dövlət həyatının bütün sahələrində yaşatmağı bacardı.

Bu gün onun adı hörmətlə çəkilir, şeirləri oxunur, fikirləri aktuallığını qoruyur. Çünki Bəxtiyar Vahabzadə yalnız bir dövrün şairi deyil – o, milli ruhun davamlı səsidir.

Allah rəhmət eləsin, ruhu şad olsun.

 

Misir Mərdənov

AMEA-nın müxbir üzvü

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Rusiya-ABŞ-Ukrayna danışıqlarının yeni raundu gələn həftə baş tutacaq

Next

“Sabah” iki futbolçusu ilə yolları ayırıb

Copyright 2026— Praqraf.com. All rights reserved