25 Okt 2026, Bz

Məktəbin qapısından başlayan mübahisə: Hədəf uşaqlar, yoxsa Azərbaycan-Türkiyə qardaşlığı?

PAYLAŞIN:

Bir müddət öncə “Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır” başlıqlı yazımda qeyd etmişdim ki, dövlətin fiziki sərhədlərinin qorunması silah işidir, mənəvi sərhədləri isə elm, təhsil və sağlam düşüncə müdafiə etməlidir. Görünən budur ki, bəzən cəmiyyətin ən mühüm sualları adi bir məktəbin qapısında meydana çıxır. Oktyabrın 12-də bəzi məktəblərdə şagirdlərin geyim qaydaları ətrafında yaşananlar da hüquq, mənəviyyat, təhsil və dövlət məsuliyyəti barədə düşünməyi zəruri etdi. Belə anlarda emosiyaya qapılmaq asandır, hadisənin mahiyyətini anlamaq üçünsə səbir, ölçü və ədalət hissi lazımdır. Cənab Prezidentin də qeyd etdiyi kimi, “Siyasətdə emosiyalara yer yoxdur”.

Geyim insanın mədəni yaddaşını, zövqünü, adətini və bəzən dini inancını ifadə edir. Milli geyimdə xalqın tarixi, rəng və naxışlarında estetik düşüncəsi, gündəlik geyimdə isə həyat tərzi görünür. Baş örtüyü də ayrı-ayrı insanlar üçün müxtəlif mənalar daşıya bilər.

Məktəbli formasının sosial fərqləri azaltmaq, intizamı gücləndirmək və şagirdlərdə ümumi mənsubiyyət hissi yaratmaq kimi pedaqoji məqsədləri var. Eyni zamanda, qaydaların tətbiqində vicdan azadlığı, uşağın ləyaqəti və təhsil hüququ diqqətdə saxlanmalıdır. Uşağın məktəbdəki yeri böyüklərin ideoloji mübahisələrinin mərkəzinə çevrilməməlidir. Təhsil mühiti şagirdin biliyə çatmasını, təhlükəsizliyini və şəxsiyyət kimi inkişafını təmin etməlidir.

Ulu Öndər Heydər Əliyevin müəllifliyi və rəhbərliyi ilə hazırlanmış, xalq tərəfindən qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsi dövlət-din münasibətlərinin dünyəvi əsaslarını, 25-ci maddəsi bərabərlik hüququnu, 42-ci maddəsi təhsil hüququnu, 48-ci maddəsi isə vicdan azadlığını müəyyən edir. Bu hüquqi təminatlar birlikdə qiymətləndirilməlidir. Dövlət məktəbli geyimi ilə bağlı qaydalar müəyyənləşdirə bilər; onların tətbiqi aydın hüquqi əsaslara, legitim məqsədə və mütənasibliyə söykənməlidir. Geyim qaydası ilə təhsil hüququ arasında ziddiyyət yarananda səlahiyyətli orqanlar vahid izah verməli, məktəblər isə qərarlarını hüquqi əsaslarla izah etməlidirlər. Uşağın yaşı və yetkinliyi nəzərə alınmalı, onun mövqeyi dinlənilməli, valideynin öhdəlikləri də düzgün qiymətləndirilməlidir.

Dərs ili sentyabrın 15-də başladığı halda, məktəbli geyiminə dair Nazirlər Kabinetinin 309 nömrəli qərarı sentyabrın 21-də qəbul edildi. Bu ardıcıllıq inzibati qərarların mümkün nəticələrinin əvvəlcədən hesablanmasının nə qədər vacib olduğunu göstərir. Belə həssas mövzular dərs ili başlanmazdan əvvəl hüquqi və pedaqoji baxımdan ətraflı izah edilsə, məktəblərin, valideynlərin və şagirdlərin qarşılaşdığı qeyri-müəyyənlik azalardı. Təhsil sahəsində idarəçiliyin keyfiyyəti qəbul edilən və ya ediləcək qərarların nəticələrini qabaqcadan görmək və yaranmış çətinlikləri ədalətlə həll etmək bacarığında üzə çıxır.

Məktəb uşaqlara qaydalara əməl etməyi öyrətməklə yanaşı, onların səbəbini anlamaq, fərqli mövqeləri dinləmək və mübahisələri mədəni şəkildə həll etmək bacarığını da formalaşdırmalıdır. Con Dyui təhsil fəlsəfəsində təcrübəyə, demokratik iştiraka və düşüncənin inkişafına xüsusi əhəmiyyət verirdi. Bu yanaşma məktəbdəki geyim mübahisəsinə daha geniş baxmağı tələb edir: burada cəmiyyətin gələcək vətəndaşlarına hansı düşüncə mədəniyyətinin ötürüldüyü də üzə çıxır. Uşağa nə etməli olduğunu bildirmək bəzən zəruridir, həmin qaydanın səbəbini izah etmək isə daha davamlı nəticə verir. Tərbiyə inandırmaqla, nümunə göstərməklə və qarşılıqlı etimad yaratmaqla möhkəmlənir. Uşağın inancı, geyimi və ya ailə mövqeyi onu ictimai qınağa məruz qoymaq üçün əsas ola bilməz. Hüququn mənəvi dayağı insan ləyaqətinə hörmətdir, ədalətli tətbiq isə qaydanın cəmiyyət tərəfindən anlaşılmasını asanlaşdırır.

12 oktyabr hadisələrindən sonra foto və videoların yayılma ardıcıllığı, eyni tezislərin müxtəlif hesablarda qısa zaman aralığında təkrarlanması və müzakirənin daxili məktəb məsələsindən anti-Azərbaycan ritorikasına yönəlməsi koordinasiyalı informasiya kampaniyasının əlamətləri kimi qiymətləndirilə bilər. Bu paylaşımlarda xarici anti-Azərbaycan mövqeyinin xətti görünür. Kampaniyanın hədəfi daxili həssaslığı böyütmək, Azərbaycana qarşı mənfi rəy yaratmaq və Azərbaycan-Türkiyə münasibətlərində inamsızlıq doğurmaqdır. Belə təsirlərə cavab çevik, faktlara əsaslanan və aydın olmalıdır. Vətəndaşlar görüntüləri kontekstdə qiymətləndirməli, emosional paylaşımların hüquqi və ictimai təhlili əvəz etməsinə yol verməməlidirlər.

Azərbaycan-Türkiyə münasibətləri ortaq dil, tarixi yaddaş, mədəni yaxınlıq, qarşılıqlı dəstək, strateji əməkdaşlıq və qardaşlıq üzərində formalaşıb. Bu qardaşlıq gündəlik siyasi emosiyalardan daha dərin mənəvi və mədəni dayaqlara söykənir. Onun qorunması hər iki cəmiyyətin məsuliyyətidir. İstər Azərbaycanda, istərsə də Türkiyədə bəzi şəxslər gündəmdə qalmaq və emosional reaksiya toplamaq naminə əsassız bəyanatlar səsləndirirlər. Viza rejimi və dövlətlərarası münasibətlər barədə belə çağırışlar rəsmi siyasət kimi təqdim olunmamalı, faktlarla əsaslandırılmalı və məsuliyyətlə müzakirə edilməlidir. Siyasi qərarı tənqid etmək mümkündür, lakin təhqirə, qarşılıqlı şübhəyə və xalqlar arasında düşmənçiliyə yol vermək ictimai məsuliyyətlə uzlaşmır.

Bu hadisə bizə dörd vəzifəni xatırladır: dünyəvi təhsilin hüquqi çərçivəsini qorumaq, vicdan azadlığına və insan ləyaqətinə hörmət etmək, uşağın təhsil hüququnu təmin etmək, daxili mübahisələrin milli birliyə və dövlətlərarası münasibətlərə zərər vurmasına imkan verməmək. Bunun üçün hüquqi aydınlıq, vaxtında və düzgün kommunikasiya, məsuliyyətli media və sağlam ictimai dialoq vacibdir. Məktəbin qapısı cəmiyyətin öz dəyərlərinə münasibətini göstərən bir sınaq yeridir. Milli yetkinlik fərqləri ədalətlə idarə etməkdə, dövlətçilik vaxtında və əsaslandırılmış qərarlar verməkdə, qardaşlıq isə emosional kampaniyalara baxmayaraq qarşılıqlı etimadı qorumaqda üzə çıxır. Məqsəd uşağın təhsil yolunu açıq saxlamaq, vicdanı hüquqla uzlaşdırmaq, xalqlar və eyni millətin iki dövləti arasındakı etimadı möhkəmləndirmək olmalıdır.

Qalib Qasımov
Sənətşünaslıq üzrə fəlsəfə doktoru

Loading