Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 29 iyun 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”nda dəyişiklik edib.
Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, hazırda qüvvədə olan Bonus-Malus sistemi ləğv edilir, əvəzində isə icbari sığorta müqaviləsi bağlanarkən ödəniləcək bir illik sığorta haqqının hesablanmasında sığorta tarixçəsi əmsalı tətbiq olunacaq.
Yeni dəyişikliklər qüvvəyə mindikdən sonra qəzasız sürücülərə cüzi güzəşt, qəza törədənlərə isə daha kəskin cəriməyə yaxın artım tətbiq ediləcək.
Nəqliyyat eksperti Adil Nəbiyev “Paraqraf.com”a açıqlamasında bildirib ki, bu dəyişiklik icbari avtosığorta sistemində risklərin daha fərdiləşdirilmiş şəkildə qiymətləndirilməsinə keçidi göstərir:

“Bu baxımdan bazarın daha müasir yanaşmaya uyğunlaşdırılması kimi qiymətləndirilə bilər. Artıq hər bir sürücü ödədiyi sığorta haqqı ilə öz davranışı arasında daha birbaşa əlaqə hiss edəcək. Bu isə uzunmüddətli perspektivdə qəza sayının azalmasına və sürücülərin daha diqqətli olmasına təsir göstərə bilər. Eyni zamanda sığorta şirkətlərinin zərərlərinin daha düzgün hesablanmasına və maliyyə dayanıqlığının güclənməsinə şərait yarada bilər”.
Ekspert qeyd edib ki, tətbiq olunacaq modelin “yumşaq mükafatlandırma, sərt cəzalandırma” prinsipi müəyyən balans problemləri yaradır:
“Qəzasız sürücülərin illərlə formalaşan müsbət tarixçəsinin yalnız cüzi endirimlə qiymətləndirilməsi motivasiyanı azalda bilər. Əvəzində isə bir və ya bir neçə qəza halında sığorta haqqının kəskin artırılması, xüsusilə aşağı və orta gəlirli sürücülər üçün ciddi maliyyə yükünə çevrilə bilər. Bu isə sosial narazılıq yarada və bəzi sürücüləri sığorta sistemindən yayınmağa sövq edə bilər”.
O, əlavə edib ki, sistemin effektivliyi texniki icradan da birbaşa asılıdır:
“Sığorta tarixçəsinin dəqiq və şəffaf aparılması üçün vahid məlumat bazası düzgün işləməli, məlumatlar vaxtında yenilənməli və vətəndaşların bu məlumatlara çıxışı təmin olunmalıdır. Əks halda, yanlış hesablamalar və texniki səhvlər həm mübahisələrin artmasına, həm də sistemə etimadın azalmasına səbəb ola bilər”.
Ekspertin sözlərinə görə, bəzi qəzalarda sürücünün birbaşa günahı olmaya bilər və bu hallar düzgün nəzərə alınmalıdır:
“Əks halda, günahsız sürücülərin də yüksək sığorta haqqı ilə üzləşməsi ədalətlilik prinsipini zədələyə bilər. Ümumilikdə dəyişiklik bazar mexanizmlərinə daha yaxın və rasional görünsə də, onun uğuru tətbiq detallarından, sosial həssaslığın nəzərə alınmasından və şəffaf, balanslı qaydaların formalaşdırılmasından asılı olacaq”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
