Gənclər Fondunun fərdi qrant müsabiqəsinin nəticələri təhsil və gənclər sahəsində yeni müzakirələrə səbəb olub. Təhsildə süni intellektin tətbiqi, gənc müəllimlərin rəqəmsal bacarıqlarının artırılması və insan kapitalının gücləndirilməsinə yönələn layihənin dəstəklənməməsi narazılıqla qarşılanıb.
Təhsil İşçilərinin Həmrəylik Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli “Paraqraf.com”a bildirib ki, rəqəmsallaşma və süni intellektin təhsilə inteqrasiyası müasir dövrün əsas çağırışlarından biridir. Onun sözlərinə görə, hazırlanan layihənin məqsədi gənc müəllim və pedaqoqların rəqəmsal bacarıqlarını inkişaf etdirmək, onların süni intellekt alətlərindən səmərəli istifadəsinə şərait yaratmaq olub:
“Lakin Gənclər Fondunun fərdi qrant müsabiqəsinin nəticələrinə əsasən, sözügedən təşəbbüs dəstəklənməyən layihələr sırasında yer alıb. Məsələnin yalnız bir layihənin qrant əldə edib-etməməsindən ibarət olmadığı vurğulanır. Əsas sual isə belə qoyulur: gənc təhsilverənlərin inkişafına və təhsildə innovativ yanaşmaların tətbiqinə yönələn layihələr hansı meyarlarla qiymətləndirilir?
Layihə müəllifini narahat edən digər məqam isə müraciət edən şəxslərə nəticələrlə bağlı ətraflı geri-bildirim verilməməsidir. Bildirilir ki, layihələrin hansı səbəbdən dəstəklənmədiyinin açıqlanmaması gənclərin gələcək müraciətlərini təkmilləşdirməsi baxımından da müəyyən çətinliklər yaradır. Bundan başqa, qərarların obyektivliyinin yenidən qiymətləndirilməsi üçün Apellyasiya Komissiyasının olmaması da şəffaflıq məsələsini gündəmə gətirir”.
Layihə müəllifi hesab edir ki, gənclərin təşəbbüslərinə münasibətdə qiymətləndirmə mexanizmləri daha açıq və izaholunan olmalıdır.
“Biz bu işləri sadəcə qrant almaq xatirinə etmirik. Məqsədimiz təhsilimizə və gənclərimizə real töhfə verməkdir. Belə layihələrin dəstəklənməsi təkcə ayrı-ayrı gənclərin deyil, bütövlükdə təhsil sisteminin rəqəmsal transformasiyasına töhfə verə bilər. Məsələ ilə bağlı əsas gözlənti isə Gənclər Fondunun layihələrin qiymətləndirilməsi meyarları, geri-bildirim mexanizmi və apellyasiya imkanları ilə bağlı daha geniş açıqlama verməsidir. Çünki sual təkcə “kim qalib oldu?” deyil – əsas sual “gənclərin faydalı təşəbbüsləri necə və hansı meyarlarla seçilir?”
Həsən
Paraqraf.com
![]()
