PAYLAŞIN:

Xəbər verdiyimiz kimi, Quliyev Emin Vaqif oğlunun adı ətrafında səsləndirilən iddialar yeni detallarla gündəmə gəlib. Xarici ölkələrə səfərlər, ailə üzvlərinin bahalı həyat tərzi, “57 College” adı ilə bağlı görüşlər, Suriya–Türkiyə–Avropa istiqamətində qanunsuz miqrasiya barədə olduğu iddia edilən səsyazılar və qrup daxilində pul bölgüsü ilə bağlı qarşıdurmalar araşdırmanın əsas istiqamətlərinə çevrilib.

Əvvəlki materiallarımızda Emin Quliyev ətrafında yaranan müxtəlif suallar və onun ayrı-ayrı şəxslərlə əlaqələri barədə məlumat vermişdik. Redaksiyaya daxil olan yeni materiallar isə məsələnin daha geniş əlaqələr şəbəkəsi ilə bağlı ola biləcəyi barədə suallar yaradır.

Xarici səfərlər və bahalı həyat tərzinin maliyyə mənbəyi nədir?

Araşdırma zamanı Emin Quliyevin ailə üzvlərinin, o cümlədən həyat yoldaşı, iki qardaşı və digər yaxınlarının müxtəlif xarici ölkələrə səfərləri, tədbir və görüşlərdə iştirakı barədə məlumatlar əldə edilib.

Bəzi foto və videolarda həmin şəxslərin xaricdə “57 College” adı ilə bağlı olduğu bildirilən rəsmi görüşlərdə və tədbirlərdə iştirak etdiyi görünür.

Burada əsas sual onların xaricə səfər etməsi deyil. Sual doğuran məqam bu səfərlərin və nümayiş etdirilən həyat tərzinin maliyyə mənbəyidir.

Şəxslərin rəsmi gəlirləri ilə onların həyat səviyyəsi arasında ciddi fərq olduğu müəyyən edilərsə, həmin vəsaitlərin mənbəyinin araşdırılması zərurəti yaranır.

Suriya–Türkiyə–Avropa xətti və 10 min dollarlıq iddia

Araşdırmanın ən ciddi istiqamətlərindən biri isə Emin Quliyev və onunla əlaqəli olduğu bildirilən şəxslərin fəaliyyətinin Azərbaycan hüdudlarından kənara çıxması ilə bağlı iddialardır.

Redaksiyaya təqdim olunan məlumatlarda Türkiyə, Suriya, Avropa ölkələri və Böyük Britaniya istiqamətində əlaqələrdən bəhs edilir.

Daha ciddi iddia isə Suriya ərazisindən Türkiyə üzərindən Avropa ölkələrinə insanların qanunsuz keçirilməsi ilə bağlıdır.

Redaksiyaya təqdim olunan bəzi audio materiallarda bu istiqamətdə fəaliyyətin təşkilindən və ayrı-ayrı şəxslər üçün 10 min ABŞ dolları məbləğində ödənişdən danışıldığı iddia olunur.

Əgər səsyazılarının həqiqiliyi və oradakı şəxslərin kimliyi təsdiqlənərsə, söhbət artıq adi şəxsi münasibətlərdən deyil, ciddi hüquqi nəticələri ola biləcək beynəlxalq xarakterli fəaliyyət iddialarından gedə bilər.

Bu səbəbdən həmin materialların aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən ekspertiza və araşdırmadan keçirilməsi vacibdir.

Qapalı çevrədə pul bölgüsü üstündə qarşıdurma?

Araşdırmanın digər diqqətçəkən istiqaməti isə Emin Quliyevin ətrafında olduğu bildirilən şəxslər arasında pul məsələsi ilə bağlı yaranan narazılıqlardır.

Redaksiyaya daxil olan məlumatlara əsasən, ayrı-ayrı şəxslər arasında əldə edildiyi iddia olunan vəsaitlərin bölüşdürülməsi ilə bağlı qarşıdurmalar yaşanıb.

Hətta bəzi söhbətlərdə Emin Quliyevin həmin şəxsləri aldadaraq onların payına düşən pulları mənimsəməsi barədə iddiaların səsləndirildiyi bildirilir.

Bu iddiaların fonunda Emin Quliyevin döyülməsi və xəsarət alması ilə bağlı olduğu bildirilən foto və video görüntülərin mövcudluğu da diqqət çəkir.

Görüntülərin çəkilmə vaxtı, yeri və orada iştirak edən şəxslər müəyyən edilərsə, bu materiallar hadisələrin xronologiyasının araşdırılmasına kömək edə bilər.

Əsas sual: bu pulların mənbəyi nə olub?

Araşdırmanın müxtəlif istiqamətləri sonda eyni suala gətirib çıxarır:

Xarici səfərlər, yüksək həyat səviyyəsi, müxtəlif ölkələrdə keçirilən görüşlər, böyük məbləğlərdən bəhs edilən səsyazılar və qrup daxilində pul bölgüsü ilə bağlı qarşıdurmaların arxasında hansı maliyyə mənbəyi dayanıb?

Hazırda bu sualların heç birinə hüquqi qüvvəyə minmiş məhkəmə qərarı ilə cavab verilməyib. Odur ki, səsləndirilən iddialar iddia olaraq qalır və onların həqiqiliyinin aidiyyəti qurumlar tərəfindən müəyyənləşdirilməsi vacibdir.

Lakin jurnalist araşdırmasının əsas məqsədi də məhz cavabsız qalan sualları ortaya qoymaqdır.

Emin Quliyevin xarici ölkələrdəki fəaliyyətinin real məqsədi nə olub?

“57 College” adı ilə bağlı fəaliyyətin Quliyev və onun ailə üzvləri ilə əlaqəsi nədir?

Suriya–Türkiyə–Avropa xətti üzrə qanunsuz miqrasiya barədə səsyazılardakı iddialar həqiqətdirmi?

Səsyazılarda adı və səsi eşidilən şəxslər kimlərdir?

10 min ABŞ dolları məbləğində ödənişlər barədə danışılan pullar nə üçün və kimə verilib?

Qrup daxilində pul bölgüsü ilə bağlı qarşıdurmanın əsl səbəbi nə olub?

Emin Quliyevin döyülməsi hansı hadisədən sonra baş verib?

Və ən vacibi:

Bu fəaliyyətlərdən əldə edildiyi iddia olunan pullar sonradan hara yönəldilib?

Araşdırma davam edir…

 

Həsən

Paraqraf.com

Loading