Screenshot
Son illərdə startap ekosistemi dünya iqtisadiyyatının əsas hərəkətverici qüvvələrindən birinə çevrilib. İnnovasiya, texnologiya və rəqəmsal həllər üzərində qurulan startaplar həm yeni iş yerləri yaradır, həm də ənənəvi biznes modellərini transformasiya edir. Azərbaycanda da bu sahəyə maraq artmaqdadır, lakin startapların davamlı inkişafı üçün əlverişli mühitin formalaşdırılması və dövlət dəstəyinin gücləndirilməsi hələ də aktual olaraq qalır.
Məsələ ilə bağlı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “Paraqraf.com”un sorğusuna cavab olaraq bildirib ki, son illər ölkədə startap ekosisteminin inkişafı istiqamətində mühüm addımlar atılıb və innovasiya yönümlü təşəbbüslərə maraq əhəmiyyətli dərəcədə artıb.
Qeyd olunub ki, dövlət tərəfindən bu sahənin təşviqi məqsədilə müxtəlif dəstək mexanizmləri formalaşdırılıb, gənclərin innovativ ideyalarının reallaşdırılması üçün əlverişli şərait yaradılıb. Xüsusilə “Startap” şəhadətnaməsinin verilməsi, innovativ sahibkarlıq fəaliyyətinə vergi güzəştlərinin tətbiqi, qrant və müsabiqə proqramlarının təşkili, eləcə də texnoparklar, innovasiya mərkəzləri, inkubasiya və akselerasiya proqramlarının yaradılması bu istiqamətdə atılan mühüm addımlardandır. Dövlət qurumları və özəl sektor tərəfindən təşkil olunan tədbirlər, sərgilər, hakatonlar və təlim proqramları da ekosistemin inkişafına müsbət təsir göstərir.
Bununla belə, vurğulanır ki, startap ekosisteminin daha sürətli və dayanıqlı inkişafı üçün əlavə dəstək tədbirlərinə ehtiyac qalmaqdadır. İlk növbədə, erkən mərhələdə fəaliyyət göstərən startapların maliyyəyə çıxış imkanları genişləndirilməlidir. Xüsusilə ideya mərhələsində olan təşəbbüslər üçün investisiya imkanlarının artırılması, vençur kapital fondlarının və biznes mələkləri şəbəkələrinin inkişafı, eləcə də dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyələşmə alətlərinin gücləndirilməsi vacib hesab olunur.
Eyni zamanda, startapların qeydiyyatı, investisiya cəlbi, intellektual mülkiyyətin qorunması, səhmdarların cəlbi və beynəlxalq əməkdaşlıq sahələrində daha sadə və müasir mexanizmlərin tətbiqi önəmlidir. Bu, həm yerli sahibkarların fəaliyyətini asanlaşdırar, həm də xarici investorların yerli startaplara marağını artırar.
KOBİA-nın mövqeyinə görə, insan kapitalının inkişafı da prioritet istiqamətlərdəndir. Universitetlərdə innovasiya və startap yönümlü təhsil proqramlarının genişləndirilməsi, tələbələrin biznes ideyalarının dəstəklənməsi, mentorluq institutunun inkişafı və texnologiya sahəsində ixtisaslı kadr hazırlığının gücləndirilməsi ekosistemin keyfiyyətini artıracaq əsas amillər sırasındadır.
Bundan əlavə, yerli startapların daxili və beynəlxalq bazarlara çıxışı üçün daha sistemli dəstək mexanizmlərinə ehtiyac var. İri şirkətlərlə startaplar arasında əməkdaşlıq platformalarının yaradılması, yerli şirkətlərin beynəlxalq sərgilərdə və proqramlarda iştirakının təşviqi mühüm nəticələr verə bilər.
Ümumilikdə, ölkədə startap sahəsində artıq müəyyən baza formalaşıb. Növbəti mərhələdə əsas məqsəd mövcud dəstək mexanizmlərini genişləndirmək, onları daha praktik və nəticəyönümlü etmək, eyni zamanda innovasiya ekosistemini regional rəqabət qabiliyyətli səviyyəyə çatdırmaqdır. Bu yanaşma yeni texnologiyaların inkişafına, yüksək gəlirli iş yerlərinin yaranmasına və iqtisadiyyatın şaxələndirilməsinə ciddi töhfə verə bilər.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
