Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi ölkənin İran tərəfindən növbəti dəfə hücuma məruz qaldığını açıqlayıb.
Məlumata görə, BƏƏ səmasında raket və pilotsuz uçuş aparatları aşkarlanıb. Nazirlik bildirib ki, hava hücumundan müdafiə sistemləri hazırda İrandan atıldığı iddia edilən raket və dronları zərərsizləşdirmək üçün fəaliyyət göstərir. Rəsmi açıqlamada ölkənin müxtəlif bölgələrində eşidilən səslərin məhz müdafiə sistemlərinin işi ilə əlaqəli olduğu qeyd edilib.
Politoloq Oqtay Qasımov “Paraqraf.com”a açıqlamasında deyib ki, İran BƏƏ-yə hücum etdiyi ilə bağlı məlumatları təkzib etsə də, baş verənlər Tehranın Əbu-Dabiyə qarşı sərt mesajı kimi qiymətləndirilə bilər:

“40 günlük müharibə dövründə İran ən çox BƏƏ-ni hədəfə almışdı. Hətta İsrail istiqamətinə atılan raket və dronların sayı BƏƏ-yə yönələn hücumlardan daha az idi. Bunun əsas səbəblərindən biri BƏƏ-nin ABŞ ilə yaxın münasibətləridir. Digər tərəfdən, müharibə zamanı zərər görən BƏƏ-yə Vaşinqton İran məsələsinin həllində daha sərt mövqe nümayiş etdirməyi tövsiyə etmişdi. Bundan əlavə, BƏƏ-nin OPEC-dən çıxmaqla bağlı qərarı da İranın maraqlarına uyğun deyil. Çünki bu addım dünya bazarına daha çox neft çıxarılması və nəticədə İranın gəlirlərinin azalması deməkdir. Həmçinin atəşkəs dövründə BƏƏ-də yerləşən ABŞ bazaları yenidən gücləndirilib, əraziyə əlavə hərbi texnika və raket sistemləri yerləşdirilib”.
Politoloq hesab edir ki, hazırkı mərhələdə genişmiqyaslı müharibə ehtimalı yüksək deyil:
“Hazırda Donald Tramp administrasiyası daha çox diplomatik danışıqlar və iqtisadi təzyiq vasitəsilə İranı müəyyən şərtləri qəbul etməyə məcbur etməyə çalışır. Buna görə də yaxın dövrdə böyük savaş ehtimalı zəif görünür. Lakin gələcəkdə hərbi eskalasiya baş verərsə və İran yenidən BƏƏ-ni hədəfə alarsa, o zaman BƏƏ-nin münaqişəyə birbaşa qoşulması mümkün ola bilər. Bununla belə, Körfəz ölkələrinin savaşa qoşulması regional qarşıdurmanı daha da genişləndirə bilər. Hazırkı şəraitdə bu ssenari real görünməsə də, ehtimal tam istisna olunmur”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
