WUF13 – Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil olunan və sürətli şəhərləşmə, onun sosial, iqtisadi və ekoloji təsirlərinin müzakirə edildiyi nüfuzlu qlobal platformadır. Tədbir 17–22 may tarixlərində Bakıda keçiriləcək və şəhərlərin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Milli Məclisin deputatı Vüqar Bayramov “Paraqraf.com”a açıqlamasında bildirib ki, Ümumdünya Şəhərsalma Forumu iştirakçı sayına görə dünyada ən iri tədbirlərdən biridir:

“İştirakçı səviyyəsinə görə COP ən böyük qlobal tədbir hesab olunur. WUF13 isə geniş iştirakçı auditoriyasına malik beynəlxalq forumlardan biridir. Bu tədbirdə 35 mindən artıq nümayəndə heyətinin iştirakı gözlənilir. Forum Azərbaycanın imkanlarının təqdim olunması və beynəlxalq səviyyədə tanıdılması baxımından olduqca önəmlidir. İştirakçıların sayı və səviyyəsi ölkəmizin potensialını daha yaxından nümayiş etdirməyə imkan verəcək”.
Deputatın sözlərinə görə, forum çərçivəsində Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlər, xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələr təqdim olunacaq:
“Qarabağ və Şərqi Zəngəzurda aparılan şəhərsalma işləri artıq bir sıra beynəlxalq qurumlar tərəfindən öyrənilir və model kimi təqdim edilir. Bu tədbir Bakı üçün həm infrastrukturun təqdimatı, həm də turist axınının artması baxımından vacibdir. Ümumilikdə forum həm paytaxt, həm də ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıyır”.
Məsələ ilə bağlı urbanist Anar Əliyev isə hesab edir ki, belə bir tədbirə ev sahibliyi edən şəhər daha yüksək standartlara cavab verməlidir:

“Şəhər ekoloji cəhətdən daha təmiz olmalı, yaşıllaşdırma genişləndirilməli və piyadalar üçün əlverişli mühit yaradılmalıdır. Prioritetlər düzgün qurulmalıdır: əvvəl piyada, sonra velosipedçi, daha sonra ictimai nəqliyyat və sonda şəxsi avtomobillər. Bu yanaşma şəhəri hər kəs üçün daha rahat edir. Təəssüf ki, hazırda şəhər tam insanyönümlü deyil. Səkilərin bərpasına və piyada keçidlərinin artırılmasına ciddi ehtiyac var”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
