Son günlərdə sərhəd bölgəsində baş verən dəyişikliklərlə bağlı yayılan məlumatlar cəmiyyətdə ciddi maraq və suallar doğurub. Xüsusilə Qazax rayonu istiqamətində Bağanıs Ayrım kəndi ilə Ermənistanın Bağanis və Voskepar kəndləri arasında baş verdiyi iddia olunan proseslər diqqət mərkəzinə çevrilib. Ermənistan Silahlı Qüvvələrinin bir sıra mövqeləri, o cümlədən ən azı 5 döyüş postunu Azərbaycan tərəfinə təhvil verməsi ilə bağlı xəbərlər regionda yeni geosiyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Hərbi ekspert Emin Həsənli “Paraqraf.com”a bildirib ki, vaxtilə Qarabağdan əlavə olaraq, Naxçıvanın bir kəndi, Qazax və Tovuz rayonlarının bir sıra kəndləri, eləcə də müəyyən yüksəkliklər Ermənistanın işğalı altında olub:

“Bu proses qarşılıqlı razılaşma əsasında həyata keçirilir. Xüsusilə 44 günlük müharibədən və 1 günlük anti-terror əməliyyatlarından sonra Ermənistan tərəfi bu əraziləri geri qaytarmağa razılıq verib. Razılaşmaya uyğun olaraq proses mərhələli şəkildə icra olunur. Bu məsələ Ermənistan cəmiyyətində daxili auditoriya üçün, xüsusilə müxalifətin təzyiq vasitəsi kimi istifadə oluna bilər. Amma bu postlar Ermənistanın mövqeləri deyil”.
Ekspert qeyd edib ki, Ermənistanın təhvil verdiyi ərazilərin hamısı Azərbaycanın suveren torpaqlarıdır:
“Əgər onlar tarixi faktlara istinad etsələr, çar dövründə belə Ermənistan adlı dövlət mövcud olmayıb. Ermənistan bütövlükdə Azərbaycanın qərb hissəsində formalaşıb. Azərbaycan isə SSRİ dövrünün reallıqlarını nəzərə alaraq bölgədə sülhün təmin olunması üçün humanist yanaşma nümayiş etdirir və danışıqlar aparır. Əgər bu proses bu şəkildə davam edərsə, regionda normal əməkdaşlıq mühiti yarana bilər. Əks halda, arzuolunmaz hadisələrin məsuliyyəti Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşəcək”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
