Azərbaycanda median aylıq kirayə haqqı 1 000 manatı ötüb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının illik “Maliyyə Sabitliyi Hesabatı”nda bildirilir.
Sənədə əsasən, mənzil bazarı ilə bağlı mövcud açıq mənbələrdən əldə edilən məlumata görə, dekabr ayının sonunda ölkə üzrə təklif edilən median aylıq kirayə haqqı 1 002 manat təşkil edib ki, bu da daşınmaz əmlakın kapitalizasiya müddətinin 20,9 il olmasını şərtləndirir.
2024-cü illə müqayisədə kapitalizasiya müddətində 1,4 illik artım müşahidə olunur ki, bu da il ərzində mənzil qiymətlərinin artımının kirayə qiymətləri ilə müqayisədə daha sürətli artımı ilə əlaqələndirilir.
Qeyd edək ki, bu gün ölkədə, xüsusilə də paytaxtda kirayə mənzillərdə yaşayanların sayı kifayət qədərdir. Kirayə mənzillərin qiymətində isə davamlı olaraq artım müşahidə olunur.
Ümumiyyətlə, ölkədə kirayə mənzil bazarında qiymətlər nəyə əsasən tənzimlənir və qiymətlərin yüksək olması nə ilə bağlıdır?
Əmlak eksperti Elnur Azadov “Paraqraf.com”a bildirib ki, 2024-cü ilə kimi ölkədə daşınmaz əmlakın intensiv bahalaşması baş verib:

“Daşınmaz əmlak sektorunda 2020-ci ildən bu günə kimi 70 faiz artım müşahidə olunur. Bu satış artımı 2022–2023–2024-cü illərə şamil olunur. Təxminən illik artım göstəriciləri 17 faizə kimi olurdu. 2024-cü ilin dekabrından isə mənzillərin qiymət artımı 12–13 faizə düşüb. Amma kirayə sahəsində artım var. Bu isə Bakının bir çox ərazilərində söküntü işlərinin getməsi ilə bağlıdır. Milli Bank müxtəlif mənbələrdən orta icarə qiymətlərinin nisbətini hesablayaraq bu kimi fərqi önə çıxarıb”.
O qeyd edib ki, son iki ildə mənzillərin icarə qiymətləri 20 faizədək yüksəlib:
“Yəni icarə qiymətləri son iki il ərzində daşınmaz əmlaka yönəlmiş investisiyanın daha tez geri dönüşünü təmin edir. Bunun da müsbət tərəfləri var”.
Ekspert əlavə edib ki, son bir il ərzində bəzi pilot layihələr də həyata keçirilir:
“Pilot layihələrinin başlaması nəticəsində kiçik ərazidən böyük həcmdə vətəndaşlar ev axtarmağa başlayıblar. Bu, hökumətin siyasətidir”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
