Dövlətin iqtisadiyyata müdaxiləsi məsələsi iqtisadi nəzəriyyədə və praktik siyasətdə daim müzakirə olunan əsas mövzulardan biridir. Bəzi yanaşmalara görə, bazar mexanizmləri sərbəst şəkildə fəaliyyət göstərdikdə resurslar daha səmərəli bölüşdürülür və iqtisadi artım sürətlənir. Digər tərəfdən isə dövlətin müəyyən səviyyədə müdaxiləsi sosial ədalətin təmin olunması, inhisarların qarşısının alınması və iqtisadi sabitliyin qorunması baxımından vacib hesab olunur. Xüsusilə böhran dövrlərində dövlətin rolu daha da ön plana çıxır və iqtisadiyyatın tənzimlənməsi zəruri hala gəlir.
Bəs dövlətin iqtisadiyyata müdaxiləsi hansı səviyyədə olarsa, həm iqtisadi səmərəlilik, həm də sosial rifah təmin oluna bilər?
İqtisadçı-ekspert Eyyub Kərimli “Paraqraf.com”a bildirib ki, iqtisadi nəzəriyyədə bəzi klassik yanaşmalar mövcuddur:

“Bəzi iqtisadi nəzəriyyəçilər dövlətin iqtisadiyyata daha güclü müdaxiləsini vacib hesab edirlər. Digərləri isə dövlətin müdaxiləsinin minimum səviyyədə olmasını tövsiyə edirlər. Bu yanaşmalar ölkələrə, onların tarixi inkişaf yoluna, iqtisadi dinamikasına və inkişaf səviyyəsinə görə fərqlənə bilər. Ölkə tarixində iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi və idarə olunması xüsusilə Sovet dövründən müşahidə olunur. Hazırda bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Uzun müddət dövlət tənzimlənməsində fəaliyyət göstərən iqtisadiyyatın birdən-birə sərbəst buraxılması da müəyyən fəsadlar yarada bilər”.
O qeyd edib ki, iqtisadiyyatda dövlətin tənzimlənməsi “fiskal siyasət”lə məhdudlaşmalıdır:
“Bu gün iqtisadi nəzəriyyəçilər vurğulayırlar ki, dövlət pis idarəçidir. Dövlət müəssisələrinin və dövlət şirkətlərinin mövcudluğu iqtisadiyyat üçün hər zaman ciddi fərq və qazanc gətirmir. Çünki bunların bir çoxu bəzi hallarda büdcədən asılılığı daha da artırır”.
Ekspert əlavə edib ki, bir çox sahələr dövlət tənzimlənməsindən özəl idarəetməyə verilməlidir:
“Bu, ciddi rəqabət mühitinin formalaşmasına səbəb olacaq. Dövlət sadəcə müəyyən ‘fiskal siyasət’ vasitəsilə tənzimlənmə mexanizmlərini həyata keçirə bilər. Eyni zamanda, bəzi sahələr güzəştlər və subsidiyalar vasitəsilə dəstəklənə bilər. Bu baxımdan işlək mexanizmlər yaranacaq və dövlətin iqtisadi potensialı daha da güclənəcək. Çünki hazırda dünyada da belə mexanizmlər özünü doğruldur”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
