Montessori təlimi uşağın təbii inkişafını əsas alan, onun sərbəstliyini, yaradıcı düşüncəsini və praktik bacarıqlarını önə çıxaran bir pedaqoji yanaşmadır. Bu metodikada uşaqlar öyrənməyə məcbur edilmir, əksinə, onlar öz maraqlarına uyğun şəkildə müstəqil kəşf etməyə yönləndirilir. Müəllim isə ənənəvi nəzarət edən şəxs deyil, uşağın inkişafına şərait yaradan bələdçi rolunu oynayır. Açıq mühit, xüsusi hazırlanmış materiallar və uşağın daxili potensialına hörmət Montessori sisteminin əsas dayaqlarını təşkil edir.
Bəs Montessori təlimi uşağın müstəqil düşünmə və qərarvermə qabiliyyətini nə dərəcədə inkişaf etdirə bilir?
Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli “Paraqraf.com”a deyib ki, Montessori yanaşması əslində uşağın müstəqil düşünmə və qərarvermə qabiliyyətinin formalaşması üçün ən uyğun modellərdən biridir:

“Çünki burada əsas məsələ uşağa hazır bilik vermək yox, onu düşünməyə, seçim etməyə və nəticəni dərk etməyə yönləndirməkdir. Uşaq daim “nəyi necə etməliyəm?” sualına özü cavab axtarır və bu proses onun zehni inkişafını təbii şəkildə gücləndirir.
Ənənəvi təlimdə çox vaxt müəllim qərar verən tərəf olur, uşaq isə icraçı rolunda qalır. Montessori mühitində isə vəziyyət fərqlidir. Burada uşaq fəaliyyətini özü seçir, vaxtını özü planlayır, səhv edəndə bunu özü anlayır və düzəltməyə çalışır. Bu isə təkcə akademik bacarıq yox, həyati bacarıqdır. Yəni burada söhbət sadəcə yaxşı oxuyan şagirddən yox, düşünən, qərar verə bilən, məsuliyyət daşıyan fərddən gedir”.
Ekspertin sözlərinə görə, bu metod uşağın daxili motivasiyasını da gücləndirir:
“Məcburiyyət olmadığı üçün uşaq öyrənməyi “tapşırıq” kimi yox, “kəşf” kimi qəbul edir. Bu da onun özünə inamını artırır. Öz qərarlarının nəticəsini görən uşaq zamanla daha düzgün seçimlər etməyi öyrənir. Bu prosesdə müəllimin rolu çox incədir. O, istiqamət verir, amma müdaxilə etmir. Bu balans qorunduqda uşaq həm sərbəst olur, həm də nəzarətsiz qalmır. Amma burada bir məqamı da qeyd etmək lazımdır: Montessori hər mühitdə avtomatik nəticə vermir.
Əgər sistem düzgün qurulmasa, müəllim bu yanaşmanı dərindən anlamasa və ya valideyn dəstəyi olmasa, gözlənilən effekt zəifləyə bilər. Yəni bu metod sadəcə materiallarla yox, bütöv bir fəlsəfə ilə işləyir”.
O qeyd edib ki, Montessori təlimi uşaqlarda müstəqil düşünmə və qərarvermə bacarıqlarını formalaşdırmaq baxımından çox güclü təsirə malikdir:
“Çünki bu sistem uşağa “nə düşünməlisən” demir, “necə düşünməyi” öyrədir. Bu isə müasir dünyada ən vacib bacarıqlardan biridir”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
