Məktəb direktorları da sertifikasiyadan keçsin! – Təhsil eksperti
Azərbaycanda müəllimlərin sertifikatlaşdırılması prosesi davam etdiyi bir vaxtda, bu mexanizmin məktəb rəhbərlərinə də şamil olunması ilə bağlı təklif səsləndirilib. Ekspertlər hesab edirlər ki, təhsildə keyfiyyətin yüksəldilməsi üçün təkcə müəllimlərin deyil, məktəbləri idarə edən direktor və direktor müavinlərinin də peşəkar bilik və idarəetmə bacarıqları mütəmadi olaraq qiymətləndirilməlidir.
Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Paraqraf.com-a bildirib ki, hazırda ölkədə müəllimlər üçün keçirilən sertifikasiya prosesi təhsilin keyfiyyətinin yüksəldilməsində və pedaqoqların peşəkar inkişafında mühüm rol oynayır.
Onun sözlərinə görə, təhsil sisteminin əsas idarəedici qüvvəsi olan məktəb rəhbərlərinin bu prosesdən kənarda qalması islahatların effektivliyinə mənfi təsir göstərir:
“Təhsilin keyfiyyəti yalnız müəllimlərin fəaliyyətindən deyil, eyni zamanda məktəblərin idarəetmə səviyyəsindən də birbaşa asılıdır. Müəllimlərdən peşəkar inkişaf və davamlı qiymətləndirmə tələb olunursa, məktəbi idarə edən direktor və direktor müavinləri də eyni məsuliyyəti daşımalı, mütəmadi olaraq bilik və bacarıqlarını təsdiqləməlidirlər. Bu baxımdan orta məktəb rəhbərlərinin hər beş ildən bir sertifikasiyaya cəlb olunmasını vacib hesab edirəm”.
Təhsil eksperti bildirib ki, məktəb rəhbərlərinin sertifikatlaşdırılması dünya təcrübəsində artıq uğurla tətbiq olunan modellərdən biridir:
“ABŞ-nin əksər ştatlarında direktor kimi fəaliyyət göstərmək üçün dövlət tərəfindən verilən xüsusi lisenziya tələb olunur və həmin lisenziya müəyyən müddətdən sonra yenilənir. Böyük Britaniyada isə məktəb rəhbərləri direktorluq üzrə milli peşəkar kvalifikasiya sertifikatı əldə etməlidirlər. Həmçinin Sinqapur və Estoniya kimi qabaqcıl təhsil sistemlərinə malik ölkələrdə də direktorlar mütəmadi olaraq liderlik, idarəetmə və təşkilati bacarıqlar üzrə qiymətləndirilirlər”.
Ekspertin fikrincə, rəhbər heyətin hər beş ildən bir sertifikatlaşdırılması ölkədə məktəb idarəçiliyinin keyfiyyətini yüksəldə, direktorların müasir menecment, maliyyə idarəçiliyi və təhsil qanunvericiliyi üzrə bilik səviyyəsini obyektiv qiymətləndirməyə imkan verə bilər:
“Müəllimlər rəhbərlərinin də eyni peşəkar qiymətləndirmədən keçdiyini gördükdə təhsil sistemində şəffaflıq və ədalət prinsipi daha da möhkəmlənəcək. Keyfiyyətli təhsilin formalaşması üçün güclü idarəetmə əsas şərtlərdən biridir. Onun sözlərinə görə, məktəb rəhbərliyi yalnız təyinatla əldə olunan status deyil, mütəmadi şəkildə təsdiqlənən peşəkarlıq göstəricisi olmalıdır. Ekspert hesab edir ki, güclü direktor olmadan güclü məktəb, güclü məktəb olmadan isə keyfiyyətli təhsil sistemi formalaşdırmaq mümkün deyil”.
Həsən
Paraqraf.com
![]()