Call of Duty-də gizli ayı, həyatda xilas olan insanlar
2003-cü ildə bir ata qarajın qapısını açanda həyatının ən ağır mənzərəsi ilə qarşılaşdı. Oğlu artıq həyatda deyildi. Həmin gün onun üçün zaman dayandı. Nə illər keçdi, nə də o ağrı azaldı.
Bir çox insan belə bir faciədən sonra həyata küsərdi. O isə fərqli bir yol seçdi.
Düşündü ki, bəlkə haradasa, hansısa körpünün üstündə, dəmir yolunun kənarında və ya başqa təhlükəli bir yerdə həyatından vaz keçmək istəyən bir insan var. Bəlkə həmin insanın qərarını dəyişmək üçün cəmi bir səbəb lazımdır.
Beləcə, o, həmin yerlərə kiçik oyuncaq ayılar qoymağa başladı. Yanına kiçik bir işıq, bir qeyd və telefon nömrəsini əlavə edirdi.
Qeyddə isə sadəcə bunlar yazılırdı:
“Dayan… Özünü öldürmə. Bu ayıya bax və uşaqlığını xatırla. Sən də bir vaxtlar arzuları olan uşaq idin. Əgər danışmaq istəyirsənsə, mənə zəng et. Mən səni dinləyəcəyəm”.
O, psixoloq deyildi. Qəhrəman olmaq iddiası da yox idi. Sadəcə övladını itirmiş bir ata idi. Başqasının atasının, anasının, övladının eyni acını yaşamamasını istəyirdi.
Deyirlər ki, bəzən bir oyuncaq ayı, bir işıq və bir neçə səmimi cümlə insanı ölümdən həyata qaytara bilir.
Çünki bəzən insanı yaşadan böyük möcüzələr deyil, “Səni anlayan biri var” hissidir.
Əslində bu, təkcə real həyatda deyil, mədəniyyətdə də tanış bir simvoldur. Məşhur Call of Duty oyun seriyasında və bəzi digər hərbi mövzulu oyunlarda tərk edilmiş binalarda, dağıntılar arasında, gizli otaqlarda və döyüş meydanlarında yerləşdirilən oyuncaq ayılar “pasxalka” (easter egg) kimi istifadə olunur. Onlar müharibənin ortasında itirilmiş uşaqlığı, günahsızlığı və insanlığın hələ də tam ölmədiyini simvolizə edir.
Bəzən dağıntılar içində görünən kiçik bir ayı insana xatırladır ki, hər bir əsgər, hər bir insan bir vaxtlar sadəcə arzuları olan bir uşaq idi.
Əgər bu yazını oxuyursansa və həyat sənə ağır gəlirsə, unutma: sənin yoxluğun səni sevənlər üçün heç vaxt keçməyəcək bir yaradır. Bir qərarı verməzdən əvvəl, kimsə ilə danış. Həmişə bir ümid var.
Həsən Məmmədov
Paraqraf.com
![]()