İyunun 5-nə keçən gecə Azov dənizinin Taqanroq körfəzində baş verən pilotsuz uçuş aparatlarının hücumu dəniz nəqliyyatının təhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib. Türkiyədən Rostov-na-Donuya taxıl yükləmək məqsədilə ballast vəziyyətində hərəkət edən “Natra” və “Zirkon” quru yük gəmilərinin hədəfə alınması nəticəsində beş nəfərin həyatını itirməsi hadisənin ciddiliyini bir daha nümayiş etdirir. Son dövrlərdə regionda müşahidə olunan təhlükəsizlik riskləri fonunda bu kimi insidentlərin artması beynəlxalq dəniz daşımalarına və ticarət marşrutlarına təsirsiz ötüşmür.
Politoloq Züriyyə Qarayeva Paraqraf.com-a açıqlamasında bildirib ki, Azov dənizində “Natra” və “Zirkon” yük gəmilərinə qarşı həyata keçirilən pilotsuz aparat hücumu Rusiya–Ukrayna müharibəsinin artıq yalnız hərbi hədəflərlə məhdudlaşmadığını, dəniz logistikası və ticarət daşımalarının da risk zonasına daxil olduğunu göstərir:

“Hadisə nəticəsində beş nəfərin həlak olması və gəmilərin ciddi zərər görməsi beynəlxalq gəmiçilik şirkətlərini təhlükəsizlik marşrutlarını yenidən nəzərdən keçirməyə vadar edir. Xüsusilə Azov dənizi və ona bağlı limanlar taxıl, yanacaq və sənaye məhsullarının daşınması baxımından mühüm əhəmiyyət daşıdığından, bu cür hücumlar sığorta xərclərinin artmasına, bəzi daşıyıcıların regiondan uzaqlaşmasına və logistika zəncirində əlavə gecikmələrə səbəb ola bilər.
Digər tərəfdən, son aylarda Azov və Qara dəniz hövzəsində ticarət gəmilərinə qarşı oxşar insidentlərin qeydə alınması göstərir ki, dəniz məkanı getdikcə daha çox hərbiləşir. Əgər tərəflər mülki və ya mülki təyinatlı gəmiləri potensial hərbi hədəf kimi qiymətləndirməyə davam etsələr, bu, beynəlxalq dəniz hüququ və naviqasiya təhlükəsizliyi baxımından ciddi presedent yarada bilər.
Belə bir şəraitdə taxıl dəhlizləri, enerji daşımaları və regional limanların fəaliyyəti əlavə təhdidlərlə üzləşəcək. Nəticədə isə Qara dəniz–Azov marşrutu qlobal ərzaq və yük daşımaları baxımından daha qeyri-sabit və riskli zona kimi qiymətləndirilə bilər”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()