Əgər, Səudiyyə Ərəbistanının planlaşdırdığı hərbi əməliyyatlar məhdud çərçivədən kənara çıxarsa, onda daha genişmiqyaslı müharibə variantları da qaçılmaz ola bilər… Bu halda, Yəmənin növbəti dəfə Yaxın Şərqdə böyük güclərin və regional aktorların toqquşduğu əsas “savaş bataqlığı”na çevrilə biləcəyi qətiyyən şübhə doğurmur…
Yaxın Şərqdə mövcud “müharibə xəritəsi”ni daha da genişləndirə biləcək yeni təhlükəli proses başlanmış kimi görünür. Belə ki, Səudiyyə Ərəbistanının Yəməndə husilərə qarşı yeni və daha genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşdığı barədə məlumatlar mövcuddur. Bu baxımdan, Səudiyyə Ərəbistanının savaş hazırlığının artıq son mərhələ girdiyi bildirilir.
Son məlumatlarına görə, Səudiyyə Ərəbistanının yaxın vaxtlarda Yəməndə hücum əməliyyatına başlamaq üçün hərbi planları da hazırdır. Əsas hərbi variantların arasında Qırmızı dəniz sahili boyunca irəliləmək və ya bir neçə istiqamətdən hücum etmək ssenarisi ön planda yer alır. Və bu hərbi əməliyyatın əsas yükünün Ər-Riyadın dəstəklədiyi Yəməndəki bəzi silahlı qruplaşmaların üzərinə düşəcəyi, Səudiyyə Ərəbistanı aviasiyasının isə onlara havadan dəstək verəcəyi bildirilir.
Onu da qeyd etmək lazımdır ki, Ər-Riyadın savaş hazırlığında ən diqqətçəkən məqamlardan biri isə Pakistanın Səudiyyə Ərəbistanına hərbi dəstəyinin miqyasıdır. Belə ki, “Reuters”in məlumatına görə, Pakistan son vaxtlar Səudiyyə Ərəbistanına 40 min nəfərə yaxın hərbçi göndərib. Onların əsas vəzifələrinin Səudiyyə Ərəbistanının quru sərhədlərini qorumaq, PUA və raketlərə qarşı müdafiəni gücləndirmək olduğu bildirilir.
Ancaq burada ən önəmli məqamlardan biri odur ki, mövcud məlumatlarda Pakistan hərbi qüvvələrinin Yəmən ərazisində birbaşa döyüş əməliyyatlarına qatılıb-qatılmayacağı hələlik qeyri-müəyyən xarakter daşıyır. Üstəlik, “Reuters”in məlumatına əsasən, Səudiyyə Ərəbistanının hərbi müttəfiqlərinin Yəməndə husilərə qarşı planlaşdırılan hücumun birbaşa döyüş iştirakçıları sırasında olması hazırda nəzərdə tutulmur. Və bu baxımdan, yaxınlaşan yeni savaş ehtimalı ətrafında müəyyən ziddiyyətli məqamların olduğu mübahisə doğurmur.
Bəzi məlumatlarda isə Pakistanın Səudiyyə Ərəbistanına hərbi dəstəyi ilkin mərhələdə bu ölkənin ərazisinin müdafiəsi, sərhədlərinin havadan və qurudan qorunması ilə məhdudlaşa bilər. Bunlar ilə yanaşı, Pakistanın Yəmənə hökumət qüvvələri üçün silah-sursat və texnika göndərdiyi də bildirilir. Və belə situasiyada ilkin mərhələ üçün”Məkkə sazişi”nin öhdəliklərinin də böyük ölçüdə yerinə yetirilmiş ola biləcəyi barədə müəyyən qənaətlər də mövcuddur.
Göründüyü kimi, Səudiyyə-Husi hərbi qarşıdurması artıq sadəcə, Yəmən daxilindəki müharibə məsələsi olmaqdan çıxaraq, regional təhlükəsizlik böhranına çevrilməyə başlayıb. Bunun əsas səbəbi isə husilərin Qırmızı dənizin strateji sahələrində öz mövqelərini daha da gücləndirməsidir. “Reuters” daha əvvəl husilərin Moxa limanını ələ keçirdikdən sonra Bab əl-Məndəb boğazının girişində yerləşən strateji adalara qədər irəlilədiyini də bildirmişdi. Bu boğazın husilər tərəfindən tam nəzarətə götürülməsi Qırmızı dəniz üzərindən dünya ticarətinə və enerji daşımalarına ciddi təsir göstərə bilər.
Məhz ona görə də Ər-Riyadın planlaşdırdığı hərbi əməliyyatın məqsədinin yalnız husilərin hərbi imkanlarını zəiflətmək olmadığı bildirilir. Bəzi təxminlərə görə, Səudiyyə Ərəbistanı həm də Bab əl-Məndəb üzərində nəzarəti bərpa etmək və Qırmızı dənizdə gəmiçilik marşrutlarının təhlükəsizliyini təmin etmək niyyətindədir. Yenə də “Reuters”in məlumatına görə, Səudiyyə Ərəbistanı husilər boğaz ətrafında ələ keçirdiyi strateji əraziləri nəzarətdə saxladığı müddətdə əvvəlki atəşkəs mexanizminə geri qayıtmağı qeyri-mümkün hesab edir.
Təbii ki, belə qəliz hərbi-siyasi prosesdə Türkiyə və Pakistanın Səudiyyə Ərəbistanı ilə yaratdığı yeni müdafiə mexanizmi də xüsusi əhəmiyyət qazanmış olur. Çünki “Məkkə sazişi” onu imzalanmış üç ölkədən hər hansı birinə hərbi müdaxilənin digər tərəflərə qarşı da hücum kimi qiymətləndirilməsini nəzərdə tutur. Və ona görə də, bu üç ölkənin baş qərargah rəisləri Ər-Riyadda görüşərək, Səudiyyə Ərəbistanının təhlükəsizliyinə dəstək məsələsini artıq müzakirə ediblər.
Eyni zamanda, Pakistan ilə yanaşı, Türkiyə də Səudiyyə Ərəbistanına hərbi-texniki dəstək göstərməyə hazır olduğunu açıq şəkildə bəyan edib. “Reuters”in son məlumatlarına görə isə Səudiyyə Ərəbistanı Türkiyə və Pakistandan alınmış hərbi vasitələrdən, o cümlədən də PUA-lardan artıq husilərə qarşı istifadə etməyə başlayıb. Və bütün bunlar həm də Səudiyyə Ərəbistanının husilərə qarşı savaşda qətiyyən təkbaşına qalmadığını göstərir.
Halbuki, hərbi ssenarilərin hazırda daha ön planda olmasına baxmayaraq, problemin həlli üçün siyasi-diplomatik kanallar da hələ tam bağlanmayıb. Belə ki, Pakistanın xarici işlər naziri İshaq Darın sözlərinə görə, İran husilərlə siyasi dialoqun qurulmasını təklif edib. Ona görə də, “Məkkə sazişi”nin təmsilçiləri gələn həftə Ər-Riyadda keçiriləcək fövqəladə toplantıda bu variantı da müzakirə edəcəklər. Və bu isə hələlik hərbi hazırlıqla diplomatik təmasların paralellik təşkil etdiyini göstərir.
Əgər, İranın himayə etdiyi husilərə danışıqlar pozitiv nəticələr verməsə, Səudiyyə Ərəbistanının planlaşdırdığı hərbi əməliyyatlar genişmiqyaslı savaşa da çevrilə bilər. Belə olacağı təqdirdə isə belə bir genişmiqyaslı savaşın nəticələrinin Yəmən sərhədlərini aşaraq, əksər Körfəz ölkələrini də öz içərisinə çəkə biləcəyi qətiyyən istisna deyil. Çünki bu hərbi qarşıdurmanın tam mərkəzində Bab əl-Məndəb kimi qlobal dəniz ticarətinin ən önəmli boğazlarından biri dayanır.

Ona görə də, Qırmızı dənizdə hərbi təhlükəsizliyin pozulması artıq gəmiçilik xərclərinə, enerji bazarlarına və qlobal təchizat zəncirlərinə birbaşa təsir göstərə bilər. Üstəlik, “Reuters”in son məlumatına görə, Yəməndəki yeni döyüşlər ərzaq təchizatını da artıq ciddi şəkildə ağırlaşdırıb. Çünki bu regionda idxal prosesinin önəmli bir hissəsi məhz dəniz yollarından asılıdır. Və bu səbəbdən də, bölgədə humanitar böhran artıq böyük sürətlə dərinləşir.
Eyni zamanda, bu hərbi-siyasi prosesdə daha təhlükəli məqamlardan biri isə Yəmən savaş cəbhəsinin hazırda Yaxın Şərqdəki digər qarşıdurmalarla böyük ölçüdə üst-üstə düşməsi ilə bağlıdır. Belə ki, Hörmüz və Bab əl-Məndəb kimi iki strateji boğaz ətrafında eyni vaxtda yaranan hərbi gərginlik qlobal enerji və ticarət sisteminə də əlavə təzyiqlər yaradır. Hətta bir müddət öncə Rusiya prezidenti Vladimir Putin belə, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla müzakirələrdə məhz bu iki boğazdan təhlükəsiz və maneəsiz keçidin təmin edilməsinin vacibliyini vurğulamışdı.
Belə anlaşılır ki, hazırda Yəməndə formalaşan yeni savaş cəbhəsi artıq yalnız Səudiyyə Ərəbistanı və husilər arasındakı silahlı qarşıdurma kimi qiymətləndirilə bilməz. Çünki Səudiyyə Ərəbistanı husilərə qarşı genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır. Pakistanın on minlərlə hərbçi ilə Səudiyyə Ərəbistanının müdafiəsini gücləndirməyə çalışır. Türkiyənin hərbi dəstək mövqeyi, ABŞ-ın kəşfiyyat yardımı və İranın siyasi dialoq çağırışı isə bu regionda eyni vaxtda həm hərbi, həm də siyasi-diplomatik mübarizənin getdiyini göstərir.
Ancaq əgər, Səudiyyə Ərəbistanının planlaşdırdığı hərbi əməliyyatlar məhdud çərçivədən kənara çıxarsa, onda daha genişmiqyaslı müharibə variantları qaçılmaz ola bilər. Bu halda, Yəmənin növbəti dəfə Yaxın Şərqdə böyük güclərin və regional aktorların toqquşduğu əsas “savaş bataqlığı”na çevrilə biləcəyi qətiyyən şübhə doğurmur. Və bu baxımdan, indi əsas regional təhlükəsizlik problemi məhz Səudiyyə Ərəbistanının husilərə qarşı hərbi əməliyyatlara başladıqdan sonra yaranacaq yeni savaş arealınının əhatə dairəsinin nə qədər genişlənə biləcəyi ilə birbaşa bağlıdır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
![]()

