Ötən günlərdə Qəbələdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə Prezident İlham Əliyev arasında görüş baş tutub. Görüş zamanı bir sıra mühüm məsələlər müzakirə olunub. Volodimir Zelenski, əgər Rusiya tərəfi də razılıq versə, Rusiya-Ukrayna arasında növbəti danışıqların Azərbaycanda keçirilməsi ilə bağlı təklif irəli sürüb.
Siyasi şərhçi, jurnalist Həsən Məmmədov “Paraqraf.com”a açıqlamasında bildirib ki, Qəbələdə Prezident İlham Əliyevlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüş təsadüfi xarakter daşımır:

“Zelenski prezident seçilməzdən əvvəl də Azərbaycana, xüsusilə Qəbələyə 2015 və 2017-ci illərdə bir neçə dəfə səfər edib. Bu baxımdan Qəbələdə keçirilən görüş müəyyən siyasi məqsədlər daşıyır. Burada həm Azərbaycanla Rusiya arasında münasibətlərin yaxınlaşması məsələsi, həm də Ukrayna ilə Azərbaycanın sıx əlaqələri diqqət çəkir.
Ukrayna Qarabağ işğal altında olduğu dövrdə Azərbaycana dəstək nümayiş etdirib. Həmin dövrdə göstərilən dəstəyin arxasında Azərbaycanın əvvəlki və indiki hakimiyyəti ilə qurulan münasibətlər dayanır. Azərbaycanla Rusiya arasında diplomatik gərginliklər, eləcə də Azərbaycanın BRICS-ə qəbul edilməməsindən sonra münasibətlərdə müəyyən soyuqluq yarandı. Hətta o zaman bu gərginliyin hərbi qarşıdurmaya çevrilə biləcəyi ilə bağlı proqnozlar səslənirdi, lakin bunların heç biri baş vermədi”.
Siyasi şərhçi əlavə edib ki, Azərbaycan hazırda Rusiya ilə münasibətlərin yenidən normallaşması mərhələsinə daxil olur:
“Çünki Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri məhz Rusiyadır. Azərbaycan Rusiya və Ukrayna arasında balans yaratmaq məqsədilə vasitəçi rolunda çıxış etməyə çalışır. Bakıda sülh danışıqlarının keçirilməsi həm Rusiya, həm də Ukrayna üçün maraqlı ola bilər. Lakin bu prosesdə digər dövlətlər də vasitəçi olmaq niyyətindədir.
Azərbaycanda belə bir görüşün neytral platforma kimi keçirilməsi nəzəri baxımdan mümkün görünsə də, praktiki baxımdan ehtimalı olduqca zəifdir. Çünki Azərbaycan hər iki tərəfə təsir göstərə biləcək qədər böyük iqtisadi və siyasi resurslara malik deyil. Azərbaycanda müəyyən sammit və görüşlər keçirilə bilər, lakin bu format Türkiyədə baş tutan danışıqlardan ciddi şəkildə fərqlənməyəcək”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
