Azərbaycan iqtisadiyyatı uzun illərdir neft və qaz sektorundan ciddi asılılıq nümayiş etdirir. Son illərdə isə qeyri-neft sektorunun inkişafı, ixracın şaxələndirilməsi və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində bir sıra islahatlar həyata keçirilir. Rəsmi göstəricilər qeyri-neft sahələrinin ÜDM-də payının artdığını göstərsə də, iqtisadiyyatın struktur asılılığının tam aradan qalxıb-qalxmaması hələ də müzakirə mövzusu olaraq qalır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü, iqtisadçı-ekspert Aslan Əzimzadə “Paraqraf.com”a açıqlamasında bildirib ki, qeyri-neft sektorunun davamlı inkişafı üçün iqtisadiyyatın müxtəlif sahələri arasında balanslı inkişaf təmin olunmalıdır:

“Azərbaycanda maltizasiya indeksinin inkişaf potensialı daxili investisiyaların artırılması üçün imkanlar yaradır. İqtisadiyyatın müxtəlif sahələri üzrə gəlirlilik səviyyəsinə uyğun olaraq özəl banklar daha aktiv kredit təklifləri ilə çıxış etməlidirlər”.
Ekspert qeyd edib ki, ölkə iqtisadiyyatının müxtəlif sektorlarında əsas kapitala yönələn investisiyalarda özəl bank sektorunun rolu artırılmalıdır:
“Bu məqsədlə Mərkəzi Bank tərəfindən stimullaşdırıcı tədbirlərin genişləndirilməsi vacibdir. Əsas məsələ isə yumşaq monetar siyasət çərçivəsində Mərkəzi Bankdan bank sektoruna, oradan isə real sektora yönələn pul axınının düzgün tənzimlənməsidir. Əks halda, pul kütləsinin artımı inflyasiya risklərini gücləndirə bilər”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
