Son illərdə Cənubi Qafqazda geosiyasi vəziyyət sürətlə dəyişir. Regionda güc mərkəzləri arasında yeni balans formalaşır, Rusiya, Türkiyə, İran və Qərb aktorlarının təsir imkanları yenidən bölüşdürülür. Bu dəyişikliklər fonunda Azərbaycan da xarici siyasət kursunu daha çevik və çoxvektorlu şəkildə qurmağa çalışır. Diplomatik fəallığın artması, yeni regional təşəbbüslərdə iştirak və təhlükəsizlik məsələlərinə fərqli yanaşmalar Bakının dəyişən güc balansına uyğunlaşdığını göstərir.
1news.az saytının baş redaktoru Kəmalə Məmmədova “Paraqraf.com”-a bildirib ki, Cənubi Qafqazda dəyişən güc konfiqurasiyası fonunda Azərbaycanın diplomatik xətti daha çevik, praqmatik və çoxşaxəli məzmun qazanır:

“Bakı bir tərəfdən Türkiyə ilə strateji tərəfdaşlığı dərinləşdirir, digər tərəfdən isə Rusiya, İran və Qərb ölkələri ilə münasibətlərdə balansı qorumağa çalışır. Bu yanaşma ölkəyə hər hansı geosiyasi blokla məhdudlaşmadan müxtəlif güc mərkəzləri ilə paralel əməkdaşlıq imkanı yaradır. Eyni zamanda, Azərbaycan regionda təşəbbüskar aktor kimi çıxışını gücləndirir. Nəqliyyat dəhlizləri, enerji layihələri və kommunikasiya xətlərinin inkişafı istiqamətində göstərilən fəallıq Bakının təkcə iştirakçı deyil, həm də regional gündəliyi formalaşdıran tərəf olduğunu nümayiş etdirir.
Təhlükəsizlik sahəsində də prioritetlər yalnız hərbi-siyasi balansla məhdudlaşmır. İqtisadi inteqrasiya və əməkdaşlıq mexanizmləri getdikcə daha çox ön plana çıxır. Bu kontekstdə Azərbaycan–Ermənistan normallaşma prosesi regiondakı yeni yanaşmanın əsas indikatorlarından biri kimi qiymətləndirilə bilər”.
Kəmalə Məmmədovanın sözlərinə görə, balanslaşdırılmış diplomatiya və iqtisadi əməkdaşlıq gərginliyin azalmasına xidmət edir:
“Bununla yanaşı, böyük güclər arasında rəqabətin davam etməsi regiondakı sabitliyi müəyyən dərəcədə həssas və dəyişkən saxlayır. Buna baxmayaraq, məhz ölkəmizin praqmatik və balanslı yanaşması regionun tədricən daha sabit, proqnozlaşdırıla bilən və əməkdaşlığa açıq məkana çevrilməsi ehtimalını artırır. Azərbaycanın mövcud diplomatik kursu regionda uzunmüddətli sabitlik üçün real və dayanıqlı zəmin formalaşdırır”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
