Son onilliklərdə insanlar gec yatmağa daha çox meyil göstərirlər. Xüsusilə gənclər arasında gec yatmaq daha geniş yayılıb. İnsanlar saatlarla yatmağa çalışsalar da, bəzən yuxuya gedə bilmirlər. Bunun isə müxtəlif səbəbləri və zərərləri var.
Gec yatmaq adətən sosial şəbəkələrdə daha çox vaxt keçirməkdən irəli gəlir. Yəni yatmazdan əvvəl telefona, kompüterə və digər cihazlara baxmaq həm yuxuya getməyə mane olur, həm də orqanizmə ciddi təsir göstərir.
İnsan vaxtında qidalanmayanda da gecə yatmaqda çətinlik çəkə bilər. Məsələn, yatmazdan əvvəl yağlı yeməklər yemək və ya tərkibində kofein olan içkilər qəbul etmək yuxusuzluq yaradır. Eyni zamanda, sadalananlar orqanizmi də təhlükə altına sala bilər.
Həmçinin bəzi dərmanlar var ki, onları yatmazdan əvvəl qəbul etdikdə insanda yuxusuzluq yarana bilər.
İşdə, ailədə və şəxsi həyatda olan problemlər insanlarda stress yaradır və nəticədə insanlar depressiyaya düşərək gecələr yata bilmirlər.
Digər tərəfdən, bəzi araşdırmalar göstərir ki, gec yatan insanlar daha yüksək zəkaya sahib ola bilərlər.
Bəzi tədqiqatçılar isə qeyd edirlər ki, gec yatmaq insan sağlamlığını riskə atır. Onlar vurğulayırlar ki, gecə oyaq qalan insanlar daha çox sağlam olmayan qidalar qəbul edirlər. Yuxusuz qalmaq isə gələcəkdə müxtəlif xəstəliklərlə üz-üzə qalma ehtimalını artırır. Həmçinin gec yatmaq insanların psixologiyasına da ciddi zərər vurur. Gecə gec yatmaq səhəri gün yorğunluğa səbəb olur və məhsuldarlığı zəiflədir.
Buna görə də yuxu rejimimizi nizama salmalıyıq. Yatmazdan əvvəl qəbul etdiyimiz qidalara diqqət etməliyik. Vaxtında yatmaq növbəti gün məhsuldarlığı artırır, enerjini isə yüksəldir.
Kəmalə
Paraqraf.com
![]()
