Musiqi insanın daxili dünyasını formalaşdıran, estetik zövqünü inkişaf etdirən və cəmiyyətin mədəni səviyyəsini əks etdirən ən mühüm sahələrdən biridir. Xüsusilə müasir dövrdə texnologiyanın və sosial medianın təsiri ilə gənclərin musiqi zövqündə ciddi dəyişikliklər müşahidə olunur. Bu dəyişikliklər fonunda ənənəvi musiqi dəyərlərinin qorunması və yeni nəslə düzgün şəkildə aşılanması musiqi müəllimlərinin üzərinə böyük məsuliyyət qoyur.
Bəs müasir dövrdə gənclərin musiqi zövqünü düzgün istiqamətləndirmək və milli musiqi dəyərlərini qorumaq üçün musiqi müəllimləri hansı yanaşmalardan istifadə etməlidir?
Mövzu ilə bağlı Azərbaycan respublika və beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Mədəniyyəti Sosial Şəbəkə Platformasının icraçı direktoru, “Dastana Dönəm Səs” mahnı müsabiqəsinin qalibi, “Zəfər” mükafatı laureatı, medallı xanəndə Fərid Əzizli “Paraqraf.com”a açıqlamasında bildirib ki, müasir dövrdə bütün sahələrdə olduğu kimi, yeniliklər musiqi sahəsinə də təsir göstərir. Onun sözlərinə görə, milli musiqi dəyərləri uşaqlara ilk növbədə ailədə aşılanmalı və bu prosesdə valideynlərin rolu olduqca böyükdür:




“Azərbaycan milli musiqisi xalqımızın ən dəyərli sərvətlərindən biridir və bu gün bu sərvəti yaşadan, ona yeni ruh verən gənclər yetişir. Bu gənclərin formalaşmasında müəllimlərin rolu əvəzsizdir. Çünki bir xalqı formalaşdıran əsas amillərdən biri onun mədəniyyətidir. Xarici ölkələrdə uşaqlar erkən yaşlardan müxtəlif mədəniyyət sahələrinə yönləndirilir və bu yanaşma onların estetik zövqünün inkişafına müsbət təsir göstərir. Müəllimlər gənclərin musiqi zövqünün formalaşmasında əsas rol oynayır”.
Müəllim əlavə edib ki, gənc ifaçılar yalnız bir müəllimlə kifayətlənməməli, imkan daxilində müxtəlif ustadlardan öyrənməlidirlər:
“Çünki musiqi sənəti “gör-götür” prinsipi üzərində formalaşır. Biz də müəllim olaraq şagirdlərimizə Azərbaycan musiqisini sevdirir və aşılayırıq. Sevindirici haldır ki, bu gün retro musiqilərimizə yeni nəfəs verən gənclərimiz var və biz onlarla qürur duyuruq. Eyni zamanda gənc ifaçılar yeniliklərə açıq olmalıdırlar”.
Nigar Rüstəmzadə
Paraqraf.com
![]()