Şəhərlərdə mənzil bazarının genişlənməsi ilə yanaşı, bəzi tikinti şirkətlərinin (MTK-ların) fəaliyyəti ciddi narahatlıq doğurur. Xüsusilə eyni mənzilin bir neçə nəfərə satılması halları son illərdə daha çox müzakirə olunur. Bu cür hallarda vətəndaşlar həm maddi, həm də hüquqi baxımdan böyük zərər görür, uzunmüddətli məhkəmə prosesləri ilə üz-üzə qalırlar. Problemin kökündə isə şəffaflığın olmaması, nəzarət mexanizmlərinin zəifliyi və bəzi MTK-ların məsuliyyətsiz yanaşması dayanır.
Əmlak eksperti Ramil Qasımzadə “Paraqraf.com”a bildirib ki, mənzillərin bir neçə nəfərə satılması halları əslində azalıb:

“Bu hallar əsasən 2010–2014-cü illərdə daha çox olub. Baş Prokurorluq tərəfindən də 20-yə yaxın bina sahibləri ilə bağlı istintaq işləri aparılıb və vətəndaşların ödədikləri məbləğ geri qaytarılıb. Bunun əsas səbəbi MTK-ların müqavilə ilə vətəndaşlara alqı-satqı həyata keçirməsidir. Bu müqavilələrin isə reyestri mövcud deyil. Lakin artıq daşınmaz əmlakın ‘Dövlət reyestri haqqında’ Qanununda müvafiq düzəlişlər edilir və bir çox şirkətlər çıxarış əldə edə bilirlər. Bəzi sənədlərin, xüsusilə də həmin binalarla bağlı müvafiq texniki ekspertiza rəylərinin və digər qurumların rəylərinin əvvəlcədən alınması vacibdir. Əgər bu tətbiq olunarsa, heç bir problem olmaz”.
Ekspert əlavə edib ki, vətəndaşlar ilk növbədə MTK-dan alqı-satqı etdikləri zaman bunu üçtərəfli şəkildə həyata keçirməlidirlər:
“MTK-ların fəaliyyəti ilə bağlı məsələlər nəzarətə götürülüb. Əvvəlki kimi MTK-lar özbaşınalıq edə bilmirlər. Son illərdə tikilən evlərlə bağlı belə bir problem mövcud deyil”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
