Bu gün Azərbaycan Dövlət İqtisad Universiteti-də tanınmış iqtisadçı-ekspert Eldəniz Əmirovun müəllifi olduğu “Azərbaycan iqtisadiyyatının investisiya absorbsiyası” adlı kitabın təqdimat mərasimi keçirilib.
Tədbirdə universitet rəhbərliyi, millət vəkilləri, dövlət qurumlarının nümayəndələri, iqtisadçı və siyasi ekspertlər, eləcə də ictimaiyyət və media təmsilçiləri iştirak ediblər.
Çıxış edənlər kitabda təqdim olunan “investisiya absorbsiyası” yanaşmasının əhəmiyyətini vurğulayaraq bildiriblər ki, əsərdə Azərbaycanın müxtəlif sahələrinin investisiya qəbul etmə imkanları, bu sahələrin real tutumu və mənimsəmə qabiliyyəti sistemli şəkildə təhlil olunub. Qeyd edilib ki, nəşr nəzəri çərçivədən kənara çıxaraq yerli və xarici investorlar üçün praktik istiqamətləndirici mənbə kimi hazırlanıb.
Natiqlər vurğulayıblar ki, kitabda müxtəlif sektorlar üzrə mövcud imkanlar, dövlət dəstəyi mexanizmləri və bu imkanlardan istifadə yolları aydın şəkildə təqdim olunur. Eyni zamanda, sərmayələrin potensial geri dönüşünü qiymətləndirmək baxımından da əsər əhəmiyyətli mənbə hesab edilir.
Bildirilib ki, sənaye, aqrar sektor, turizm, logistika, informasiya texnologiyaları və enerji sahələri üzrə investisiya potensialının vahid çərçivədə təqdim olunması investorlar üçün qərarvermə prosesini asanlaşdırır.
Təqdimat zamanı işğaldan azad olunmuş ərazilərdə tətbiq edilən güzəştlərin “Güzəştlər Vadisi” modeli çərçivəsində təqdim olunması xüsusi diqqətə çatdırılıb.
Qeyd olunub ki, kitabda makroiqtisadi sabitlik, həyata keçirilən islahatlar və qeyri-neft sektorunun inkişaf imkanları analitik yanaşma ilə təhlil edilir. Bu baxımdan nəşr həm investorlar, həm də iqtisadi qərarvericilər üçün praktik əhəmiyyət daşıyır.

Nigar Rüstəmzadə
Paraqraf.com
![]()
