Hərbi xidmətlə bağlı qanunvericilik müxtəlif kateqoriyadan olan şəxslərə fərqli yanaşmalar müəyyən edir. Xüsusilə azyaşlıların, yeniyetmələrin və ya müəyyən hüquqi statusa malik şəxslərin hərbi xidmətə cəlb olunması məsələləri qanun çərçivəsində xüsusi qaydalarla tənzimlənir. Həbsdə olan şəxslərin çağırışa münasibəti də bu kateqoriyalardan biridir və onların hüquqi vəziyyəti bir çox hallarda xidmətə yararlılıqla bağlı suallar doğurur.
Bəs həbsdə olan yeniyetmə və ya çağırışçı yaşda olan şəxs hərbi xidmətə cəlb oluna bilərmi?
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti-nin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov “Paraqraf.com”a bildirib ki, mövcud qanunvericiliyə görə ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılmırlar:

“Bu kateqoriyadan olan şəxslər müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunur və hərbi qeydiyyatdan çıxarılır. İctimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən və ya barələrində müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza şərti olaraq tətbiq edilmiş vətəndaşlar, əvvəllər qəsdən törətdiyi cinayətə görə müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş və məhkumluğu üzərindən götürülməmiş, yaxud məhkumluğu ödənilməmiş vətəndaşlar, barəsində olan cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş materiallar üzrə ibtidai istintaq və ya təhqiqat aparılan, yaxud barəsində olan cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə məhkəmədə baxılan vətəndaşlar hərbi xidmətə müvəqqəti olaraq çağırılmırlar.
Həmin vətəndaşlar azadlığa çıxdıqdan (az ağır cinayət törətdiyi üçün azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslərə münasibətdə) və məhkumluğu ödənildikdən (məhkumluğu üzərindən götürüldükdən sonra) hərbi xidmətə çağırışın son yaş həddinə çatmamışlarsa və onlar hərbi xidmətə yararlı hesab olunurlarsa, ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
