Dövlət büdcəsi kəsiri müasir iqtisadiyyatların qarşılaşdığı ən aktual problemlərdən biri hesab olunur. Dövlət xərclərinin gəlirləri üstələməsi qısa müddətdə müəyyən sosial və iqtisadi ehtiyacların qarşılanmasına şərait yaratsa da, uzunmüddətli perspektivdə ciddi maliyyə riskləri yarada bilər. Büdcə kəsirinin davamlı xarakter alması borclanmanın artmasına, inflyasiya təzyiqlərinin güclənməsinə və ümumi iqtisadi sabitliyin zəifləməsinə səbəb ola bilər.
Bəs dövlət büdcəsi kəsiri uzunmüddətli dövrdə ölkə iqtisadiyyatına necə təsir edir?
Mövzu ilə bağlı iqtisadçı-ekspert Eldəniz Əmirov “Paraqraf.com”a açıqlamasında bildirib ki, ümumilikdə büdcə kəsiri ilə bağlı əsas məqam onun düzgün qiymətləndirilməsidir. Onun sözlərinə görə, büdcə layihəsi hazırlanarkən və təsdiqlənərkən kəsirlə icra olunması tam normal hal hesab olunur:
“Əksinə, kəsirsiz büdcə bəzi hallarda büdcənin effektiv idarə olunmadığını və iqtisadiyyata lazımi töhfə verə bilmədiyini göstərə bilər. İstər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrdə bu yanaşma normal qəbul olunur. Beynəlxalq maliyyə institutlarının tövsiyələrində də bu tip büdcə idarəçiliyi məqbul sayılır.
Əsas problem isə büdcə kəsirinin sonradan bağlana bilməməsidir. Bu zaman kəsir fəsadlar yaradır və böyük ölçüdə borclanmaya gətirib çıxarır. Həmin borclanma isə digər sahələrdə ciddi çətinliklər formalaşdırır“.
Ekspert qeyd edib ki, ABŞ-də də büdcə kəsiri uzun illərdir davamlı şəkildə artır və bunun nəticəsində ölkənin dövlət borcu 38 trilyon dollara çatıb:
“Azərbaycanda isə əksinə, dövlət borcu son illərdə əhəmiyyətli dərəcədə azalıb və beynəlxalq təcrübədə qəbul olunan həddlərin aşağı səviyyəsindədir. Bu baxımdan ölkəmizdə büdcə kəsiri və onun icrası ilə bağlı ciddi problem müşahidə olunmur”.
Nigar Rüstəmzadə
Paraqraf.com
![]()
