Şuşaya gedən avtomobil yolunun ödənişli edilməsi qərarı cəmiyyətə açıq mesaj verir: strateji əhəmiyyət daşıyan ərazi belə artıq sosial deyil, kommersiya predmetinə çevrilir. Dövlətin simvolik qələbə məkanı olan bir şəhərə giriş üçün vətəndaşdan pul tələb etmək nə iqtisadi məntiqlə, nə də sosial ədalətlə izah olunur.
Bu addım insanların azad hərəkət hüququna dolayı məhdudiyyət yaradır. Şuşa yalnız turizm obyekti deyil, milli kimliyin bir hissəsidir. Ora getmək imkanı pul ilə ölçülən imtiyaza çevriləndə, bu artıq bərabərlik prinsipinin açıq pozuntusudur. Maddi imkanı zəif olan vətəndaş faktiki olaraq öz ölkəsinin ən önəmli şəhərlərindən birinə uzaq salınır.
Yol infrastrukturu dövlətin vəzifəsidir. Vətəndaş vergisini ödəyir, büdcə formalaşır, yollar tikilir. Sonra həmin vətəndaşdan yenidən pul tələb etmək ikiqat yüklənmə deməkdir. Bu, xidmət deyil, əlavə maliyyə təzyiqidir.
Qərarın arxasında iqtisadi əsaslandırma göstərilmədən tətbiq edilməsi isə vəziyyəti daha da ağırlaşdırır. Şəffaflıq yoxdur, hesablılıq yoxdur. Sadəcə nəticə var: pul ödə, keç.
Belə yanaşma uzunmüddətli perspektivdə regiona marağı azaltmaq riski daşıyır. Turizm təşviq edilməli olduğu halda, girişə baryer qoyulur. İnsanlar alternativ istiqamətlərə yönəlir, Şuşa isə yalnız imkanlıların ziyarət nöqtəsinə çevrilir.
Bu qərar yenidən baxılmalıdır. Şuşa yolu ödəniş məntəqəsi deyil. Bu yol xalqın yoludur.
Həsən
Paraqraf.com
![]()
