Yaxın Şərqdəki silahlı münaqişə başa çatdıqdan sonra ABŞ zədələnmiş və itirilmiş hərbi texnikanın əvəzlənməsi və təmiri üçün 1,4 milyard dollardan 2,9 milyard dollara qədər vəsait xərcləməli olacaq.
Paraqraf.com-un məlumatına görə, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti Pentaqonun keçmiş əməkdaşına istinadən yazıb.
Onun qiymətləndirmələrinə görə, səhvən vurulmuş üç “F-15E”nin əvəzinə yeni “F-15” qırıcılarının alınması təxminən 300 milyon dollar tələb edəcək. Bundan əlavə, İranın ehtimal edilən zərbəsindən sonra qəza enişi etmiş, dəyəri təxminən 82,5 milyon dollar olan “F-35A Lightning II” qırıcısının təmirinə ehtiyac var.
İstehsalı artıq dayandırılmış, qəzaya uğrayan “KC-135” yanacaqdoldurma təyyarəsi, çox güman ki, 165 milyon dollar dəyərində olan “KC-46” ilə əvəz ediləcək. Eyni zamanda, regionda olan digər zədələnmiş texnika da təmir tələb edir.
Bundan başqa, İranla qarşıdurma zamanı Birləşmiş Ştatlar hər birinin dəyəri təxminən 16 milyon dollar olan 10-dan çox “MQ-9 Reaper” pilotsuz uçuş aparatını itirib. Onların da istehsalı dayandırılıb, yeni “MQ-9B” dronlarının bir ədədi isə artıq 30 milyon dollara başa gələcək.
İran Yaxın Şərqin bir sıra dövlətlərindəki radiolokasiya, kommunikasiya və zenit sistemlərinə azı bir neçə zərbə endirib. Xüsusilə Qətərin təxminən 1 milyard dollar dəyərində qiymətləndirilən “AN/FPS-132” erkən xəbərdarlıq sistemi zədələnib. Öz növbəsində, yeni “AN/TPY-2” radarlarının satınalınması 300 milyon dollara başa gələcək.
WSJ qeyd edib ki, “USS Gerald R. Ford” aviadaşıyıcısında baş vermiş yanğından dəyən zərərin miqyası hələlik müəyyən edilməyib.
Paraqraf.com
![]()
